“Qarabağ müharibəsi: geostrareji məsələlər” mövzusunda dəyirmi masa keçirilib

“Qarabağ müharibəsi: geostrareji məsələlər” mövzusunda dəyirmi masa keçirilib
# 07 oktyabr 2013 09:23 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakıda Azad Qarabağ Uğrunda Alyansın təşəbbüsü ilə Qarabağ müharibəsi: geostrareji məsələlər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri, alyans üzvü Rövşən Əhmədli Qarabağın yalnız hərbi yolla azad oluna biləcəyini deyib. O qeyd edib ki, Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar heç bir nəticə vermir, əksinə, problemin həllini gecikdirir: “Alyans olaraq Qarabağ münaqişəsi ilə bağlı Türkiyədə, İranda keçirdiyimiz bütün görüşlərdə bizə bildirilib ki, Azərbaycan müharibəyə başlayarsa, Türkiyə də, İran da Azərbaycana dəstək verəcək. Təkcə bu fakt bizim Qarabağ müharibəsindəki üstünlüyümüzü göstərir. Düşünürəm ki, torpağı azad etmək şərəf, namus məsələsidir ki, o da bu millətin üzərinə düşür. Alyans olaraq hesab edirik ki, Qarabağı yalnız müharibə yolu ilə azad edə bilərik”.

Tarixçi alim Nəzirməmməd Qaramanlı Qarabağ problemini geosiyasi məsələ kimi xarakterizə edib. N. Qaramanlı təklif edib ki, hər ay politoloqların Qarabağla bağlı mətbuata qapalı müzakirələri keçirilsin və nəticə ictimaiyyətə açıqlansın.

Vətən Müharibəsi Əlillər Cəmiyyətinin sədri Firudin Məmmədov isə Qarabağ probleminin həllinin Azərbaycan dövlətinin və millətin qətiyyətində axtarmağın vacibliyini diqqətə çatdırıb: “Təəssüflər olsun ki, bu gün Azərbaycan bu problemdə beynəlxalq hüquq normalarını, digər dövlətlərin rəyini nəzərə alır, lakin haqqımız olan, işğal olunan torpaqlarımızı azad etməyi düşünmür. Biz bu problemin həllinin geostrateji məsələlərdə deyil, millətimizin torpaqları azad etmək istəyində, müharibə həvəsində axtarmalıyıq”.

Tədbirin digər iştirakçıları da münaqişə ilə bağlı Minsk Qrupunun fəaliyyətinin Ermənistanın maraqlarına xidmət etdiyini, Qarabağın yalnız müharibə yolu ilə azadlığının mümkünlüyünü bildiriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR