Buşəhr AES-in fəaliyyəti müvəqqəti dayandırılacaq

Buşəhr AES-in fəaliyyəti müvəqqəti dayandırılacaq
# 07 yanvar 2014 10:13 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində keçirilmiş son nüvə müzakirələrində yaxşı nəticələr əldə edilib”. APA-nın məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, hazırda bəzi məsələlər qalıb: “Həmin məsələləri də həll etmək məqsədilə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı Cenevrəyə gedib”.

Ə.Salehi Cenevrə razılaşmasına uyğun olaraq birgə fəaliyyət planının həyata keçirilməsi üçün ilkin addımların atılacağına ümid etdiyini deyib: “Yanvar ayının sonlarına doğru bu planın tətbiq olunmasına şahid olacağıq”.

Vitse-prezident həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin üç həftə sonra İrana gələcəklərini də vurğulayıb: “Məqsəd Geçin uran mədəninə baxış keçirməkdir. Hələlik tarix tam olaraq müəyyənləşdirilməyib. Ancaq məsələnin yanvar ayının sonu fevral ayının əvvəllərinə qədər reallaşacağını hesab edirəm. İranla AEBA arasında əməkdaşlıq davam etdiriləcək. İranla agentlik arasında 6 maddə üzərində uzlaşma təmin edilib. İran bu razılaşmaya bağlıdır. Ərak ağır su nüvə reaktoru və Geçin uran mədəninə baxış keçirmək həmin 6 maddəlik anlaşmanın ikisini özündə ehtiva edir. Artıq Ərak ağır su nüvə reaktoruna agentlik müfəttişləri tərəfindən baxış keçirilib və bununla bağlı hesabat müsbətdir”.

Ə.Salehi AEBA-nın icraçı direktoru Yukiya Amanonun İranla bağlı son hesabatının da əvvəlki hesabatlara nisbətən daha müsbət olduğunu bildirib: “Ümumiyyətlə, İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri, həmçinin İranla AEBA arasındakı əməkdaşlıq müsbətdir”.

Eyni zamanda vitse-prezident Buşəhr Atom-Elektrik Stansiyasının (AES) fəaliyyətinin müvəqqəti olaraq dayandırılacağını söyləyib: “Stansiyanın fəaliyyətinə yaxın günlərdə ara veriləcək və ona illik yanacaq doldurulmasına başlanılacaq. Bu vəziyyət stansiyanın son bir ildə işinin müvəffəqiyyətli bir şəkildə reallaşdığını ortaya qoyur. Stansiya hər 7 min saatda bir yanacaq doldurulması üçün işinə ara verir. Bu vəziyyət də Buşəhr AES-də ilk dəfə baş verəcək”.

Ə.Salehi uranın 60% həddində zənginləşdirilməsini nəzərdə tutan qanun layihəsinin İran parlamentinin gündəmində olması məsələsinə də reaksiya verib: “Ölkə parlamenti hansı qərarı qəbul edəcəksə, biz də ona əməl edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR