ABŞ-ın ikinci ən böyük yəhudi qəzetində “Arşın mal alan” tamaşası haqda məqalə dərc edilib

ABŞ-ın ikinci ən böyük yəhudi qəzetində “Arşın mal alan” tamaşası haqda məqalə dərc edilib
# 17 sentyabr 2013 07:07 (UTC +04:00)

Bakı – APA. ABŞ-da ikinci ən böyük yəhudi mətbu orqanı olan “Jewish Journal” qəzetində “Arşın mal alan” operettasının bu yaxınlarda Los Ancelesdə keçirilmiş tamaşası barədə məqalə dərc edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, “Arşın mal alan ABŞ-a gəlir” başlıqlı məqalənin müəllifi jurnalın baş redaktoru Rob Eşmandır.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı və Azərbaycan Dövlət Neft Şirkətinin sponsorluğu ilə keçirilmiş tamaşada iştirak etmiş R. Eşman tamaşanın “Arşın mal alan” operettasının ABŞ-da bu miqyasda ilk səhnələşdirilməsi olduğunu bildirib.

O, həmçinin Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Los Ancelesin yəhudi icmasının tamaşa dəvət olunması faktına istinad edərək qeyd edir ki, müsəlman ölkə tərəfindən şəhərin bütün yəhudi əhalisinin operettaya dəvət edilməsi də ilk dəfədir.

R. Eşman Baş Konsulluğa istinadən bu dəvət nəticəsində böyük sayda yəhudinin də tamaşada iştirak etdiyini diqqətə çatdırır.

Qeyd edək ki, “Jewish Journal” qəzeti 700 mindən çox yəhudinin yaşadığı Los Ancelesdə ən çox oxunan yəhudi qəzetidir. Qəzetin internet səhifəsi isə ABŞ-da ən çox izlənən yəhudi xəbər saytıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR