Bakıda “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində UNESCO üzrə işçi qrupun üzvləri ilə görüş keçirilib

Bakıda “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində UNESCO üzrə işçi qrupun üzvləri ilə görüş keçirilib
# 03 fevral 2014 09:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində UNESCO üzrə Türkiyə və Azərbaycan milli komissiyalarının 5 nəfərdən ibarət işçi qrupu ilə görüş keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan və Türkiyə arasında belə layihələr çox vacibdir: “Çünki bizim mədəniyyətimiz və tariximdə o qədər oxşarlıq var ki, bunların üzə çıxması sevindiricidir. Bu layihə əsasında biz eyni zamanda Azərbaycanda olan istedadlı insanlarımızı tanıdıq. Mən çox istərdim ki, belə layihələr davamlı olsun. Biz layihənin əsas istiqamətini qadınlara yönəldirik ki, onlarda əl sənətləri sahəsinə maraq oyansın. Biz çalışacağıq ki, layihənin Azərbaycanda keçirilən hissəsi də yüksək səviyyədə alınsın”.

UNESCO üzrə Azərbaycan Komissiyasının birinci katibi Günay Əfəndiyeva isə layihə çərçivəsində bir sıra işlər görüldüyünü xatırladıb. O qeyd edib ki, layihənin yekununda bütün tədqiqatlar kitab şəklində buraxılacaq və UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına təqdim olunacaq: “UNESCO-nun tədbirlərində həmişə Türkiyə və Azərbaycan bir-birlərini dəstəkləyirlər və bunun da səbəbi odur ki, iki ölkə arasına isti münasibətlər mövcuddur. Layihə başlamazdan əvvəl biz ikitərəfli görüşlərimizdə bir çox sahələrdəki oxşarlığı bir layihə şəklində ortaya çıxarmağı düşündük və düşünürəm ki, mədəniyyətimizin təbliği istiqamətində rolu böyük olacaq”.

Qeyd edək ki, 2013-cü ilin 24 fevral-2 mart tarixlərində UNESCO üzrə Azərbaycan və Türkiyə milli komissiyalarının “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi çərçivəsində Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsinin rəhbərliyi ilə Azərbaycandan 7 nəfərdən ibarət işçi qrupu Türkiyənin 5 bölgəsinə səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR