“Ginnesin Rekordlar Kitabı” Gürcüstandadır - FOTO

“Ginnesin Rekordlar Kitabı” Gürcüstandadır - <span style="color: red;">FOTO
# 10 mart 2014 20:25 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “maqnit adam” təxəllüsü qazanan Borçalı sakini Etibar Budaqlı bildirib. Onun sözlərinə görə, Rekordlar Kitabı Gürcüstanın gənclər və idman nazirliynə göndərilib. Məlumata görə, sabah nazirlikdə kitabın təqdimatı ilə bağlı tədbir və mətbuat konfransı planlaşdırılıb.

APA-nın Gürcüstan bürosuna Etibar Budaqlı tərəfindən təqdim olunan Rekordlar Kitabının şəkilində “maqnit adam”- Etibar Budaqlı haqqında səhifə və onun bir çox rekordlar əldə etdiyi barədə ətraflı məlumat var.

Xatırladaq ki, Etibar Budaqlı-Elçiyev Borçalının Kosalar kəndində anadan olub və hazırda Marneuli şəhərində yaşayır. Keçən il “Ginnesin Rekordlar Kitabına” düşən “maqnit adam” təxəllüsü ilə tanınan Etibar Budaqlı-Elçiyev ilk öncə Tiflisdə və Çində bədəninə yapışdırılan qaşıqları nümayiş etdirib, 2012-cü il martın 31-də İtaliyada rekord əldə edib və medal ilə təltif edilib. O, keçən il dekabrın 28-də Tiflisdə 6 dünya rekordu əldə edib və bir daha “maqnit adam” təxəllüsünü təsdiqləyib. E. Budaqlı öncə 52 qaşığı sinəsinə düzüb və 6 dəqiqə 15 saniyə saxlayıb. Sonra o, sinəsinə yapışdırdığı 10 sinini 1 dəqiqə 15 saniyə saxladığını nümayiş etdirib və sonra üzərində 84 kq yüklə 25 saniyə qaçıb.

Bundan sonra E. Budaqlının sinəsinə yapışdırılan dəmirin üstünə 15 kirəmid kərpic qoyulub və çəkiclə zərbə vurularaq qırılıb. “Maqnit adam” həmin gün bədəni ilə 147 kq yükü 30 saniyə saxlayıb. O, sonuncu rekordunda maqnitin gücü ilə saxladığı 19 kq dəmirin üstündə oturan və 55 kq çəkidə olan gənci sinəsində saxlayıb və ona bağlanan kəndirlə 1540 kiloqramlıq “Mercedes” markalı avtomobili 10 metr dartıb.

Qeyd edək ki, Ginnesin Rekordlar Kitabına yalnız insan tərəfindən nümayiş olunan möcüzələr yox, dəhşətli hadisələr də düşüb. Kitabda Azərbaycanda törədilən terrorizmin nəticələri olan və metroda baş verən partlayış nəticəsində ən çox ölüm hadisələri də qeyd edilib.

E. Budaqlı-Elçiyev APA-ya açıqlamasında Ginnesin Rekordlar Kitabının tarixi barədə məlumat verib: “Bu kitab 1955-ci ildə İrlandiyanın “Ginnes” pivə zavodunun rəhbəri tərəfindən yaradılıb və dünyanın 100-dən çox ölkəsində 24 dildə nəşr olunur. Mənim menecerim, Qafqaz Rekordlar Federasiyasının baş katibi olan Şota Keldişvili kitabın Azərbaycan dilində də nəşr olunmağı üçün London ilə danışıqlar aparır. Düşünürəm ki, bu arzumuza nail olacağıq,” E. Budaqlı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR