Fuad Qəhrəmanlı: “Həmsədrlik institutu ideyası Mili Şurada əksəriyyət tərəfindən dəstəklənəcək, Müsavat bunu nəzərə almalıdır”

Fuad Qəhrəmanlı: “Həmsədrlik institutu ideyası Mili Şurada əksəriyyət tərəfindən dəstəklənəcək, Müsavat bunu nəzərə almalıdır”
# 18 noyabr 2013 10:31 (UTC +04:00)

“Müsavatın mövqeyi daha çox partiya mövqeyidir”

Bakı. Ramiz Mikayıloğlu - APA. AXCP Milli Şurada həmsədrlik institutunun yaradılması tipli məsələlərin Milli Şuranın sessiyasından əvvəl aparıcı siyasi partiyaların razılaşdırılması ilə həll olunmasının zəruriliyi ilə bağlı Müsavat Partiyasının mövqeyini bölüşmür.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında deyib ki, Milli Şuranın sessiyasından öncə müəyyən məsələlərlə bağlı münasibətlərin öyrənilməsi, razılaşmaların əldə edilməsi praktikası olub.

Fuad Qəhrəmanlı bildirib ki, elə hallar da olub ki, ilkin razılaşma əldə olunmayan məsələlər barədə sessiyada qərar verilib: “Həmsədrlik məsələsində Milli Şura ilə Müsavat Partiyasının mövqeyi fərqlidir. Rüstəm İbrahimbəyov tərəfindən təklif olunmuş həmsədrlik institutu Mili Şurada əksəriyyət tərəfindən dəstəklənəcək. Müsavat Partiyası da bu iradəni nəzərə almalıdır. Müsavat Partiyasının mövqeyi daha çox partiya mövqeyidir. Vaxtilə Müsavat Partiyası Milli Şuranın seçkilərə vahid namizədlə qatılması məsələsini doğru hesab etməsə də, sonradan Milli Şuranın sessiyasında müzakirələr zamanı vahid namizəd ideyasını qəbul etməli oldu. Yəqin ki, bu dəfə də Müsavat Partiyası mövqeyini çoxluğun mövqeyi ilə uzlaşdırmağa müvəffəq olacaq”.

Qeyd edək ki, Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında deyib ki, Milli Şurada həmsədrlik institutunun yaradılması tipli məsələlər Milli Şuranın sessiyasından əvvəl aparıcı siyasi partiyaların razılaşdırılması ilə həll olunmalıdır, əks halda Milli Şuranı səmərəli fəaliyyətinə nail olmaq mümkün olmayacaq. Arif Hacılı bununla bağlı yazdığı müəllif yazısında isə vurğulayıb ki, Əli Kərimlinin təşəbbüsü, Rüstəm İbrahimbəyov və başqalarının təkidi ilə reallaşan müxalifət qüvvələrinin ən geniş koalisiyasının konsepsiyası isə iflasa uğrayıb. O, buna misal olaraq ALP lideri Lalə Şövkət və Rəsul Quliyevin qurumun nüfuzuna zərbə saydığı bəyanatlarını, istefalarını xatırladıb.

Fuad Qəhrəmanlı isə deyib ki, seçki dönəmində cəmiyyətdə AXCP-Müsavat birliyi yox, daha çox geniş müxalifət qüvvələrinin koalisiyasının yaradılması ilə bağlı gözlənti olub: “İctimai Palata o dövr üçün gözləntilərə cavab versəydi, Milli Şuranın yaradılmasına da ehtiyac olmazdı. Heç kim bilə bilməzdi ki, Rəsul Quliyevin, yaxud Lalə Şövkətin sonrakı addımı nədən ibarət olacaq. Bir məsələni də nəzərə almaq lazımdır ki, o dövr üçün Rəsul Quliyev və Lalə Şövkətin ictimai nüfuzundan və siyasi reputasiyadan Milli Şura da faydalandı. Siyasətdə də hər şey əbədi deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR