MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun yeni tərkibdə ilk iclası keçirilib

MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun yeni tərkibdə ilk iclası keçirilib
# 17 sentyabr 2013 08:01 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində fəaliyyət göstərən mətbuat qrupunun yeni tərkibdə ilk iclası keçirilib. APA-nın məlumatına görə, MSK üzvü, qrupun rəhbəri Azər Tağıyev qurumun prezident seçkilərindəki fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr haqda danışıb. O deyib ki, qrup seçki təşviqatı ilə bağlı ortaya çıxan problemlərə dair müraciətləri araşdıracaq: “Əlbəttə, 5 milyon vətəndaşın qatıldığı tədbirdə tam izləməni həyata keçirmək mümkün deyil. Lakin qrup ölkənin ən vacib siyasi tədbirində daim KİV materiallarını izləməli, seçki qanunvericiliyinin pozulma hallarının monitorinqini aparmalıdır”.

A. Tağıyev xatırladıb ki, sentyabrın 16-dan seçki kampaniyasının təşviqat mərhələsi başlayıb və artıq prezidentliyə namizədlərin radio ilə ilk təşviqatı baş tutub: “Mən həmin debatı izlədim. Çıxışlarda elə bir qanun pozuntusuna rast gəlmədim. Elə belə də olmalıdır. Bizim də mətbuat qrupu olaraq vəzifəmiz bundan ibarətdir ki, həmin prosesi nəzarətdə saxlayaq. Bu çox vacibdir. Çünki bu prosesdə pərakəndəliyə yol vermək olmaz. Biz buraya elə belə yığışmamışıq. Qrupun hər bir üzvü təşviqat prosesini yaxından izləməlidir. Həm radioda, həm televiziyada, həm də çap KİV-lərində qrup üzvləri fərdi olaraq monitorinq aparmalıdırlar. İmkan olduqca bölgə KİV-lərini də izləmək lazımdır”.

A. Tağıyev qeyd edib ki, bölgələrdəki KİV-lərdə seçki qanunvericiliyinin pozulmasının monitorinqi dairə seçki komissiyaları tərəfindən izlənilməlidir.

Qrupun rəhbəri əlavə edib ki, namizədlər, onların səlahiyyətli nümayəndələri, partiyalar, seçki blokları və digər seçki subyektləri tərəfindən müraciətlər olarsa, onların hər birinə hüquqi müstəvidə münasibət bildirilməlidir: “Təbii ki, bu araşdırmalardan sonra həyata keçirilməlidir. Məqsədimiz inzibati cəza yolu ilə bu problemləri həll etmək olmamalıdır. Yaranan problemləri qarşılıqlı anlaşma şəklində, maarifləndirmə və təbliğat yolu ilə aradan qaldırmalıyıq”.

MSK üzvü Almaz Qəhrəmanlı qanunvericilikdən irəli gələn tələblər haqda danışıb.

İclasda internet resurslarda - sosial şəbəkələrdə seçki təşviqatı ilə məşğul olan qruplara nəzarət mexanizminin mümkünsüzlüyü, MSK-ya seçki təşviqatı aparması üçün əvvəlcədən məlumat verməyən internet portallar haqda da müzakirə aparılıb. Bu qənaətə gəlinib ki, Seçki Məcəlləsinin müddəalarını pozan KİV-lər müəyyənləşdirilməlidir. Lakin bu yanaşmanın sosial şəbəkələr tətbiq olunması mümkün deyil.

Qeyd edək ki, MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun 19 üzvü var. Bunlardan Azər Tağıyev, Fuad Cavadov, Almaz Qəhrəmanlı MSK üzvü, Azər Sarıyev MSK katibliyinin əməkdaşı, yerdə qalan 15 nəfər isə hər birindən 5 nəfər olmaqla informasiya agentliyi, televiziya və qəzet əməkdaşlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR