Elmar Məmmədyarov: "Azərbaycan Suriyada kimyəvi silahlardan istifadə edilməsini kəskin şəkildə pisləyir"

Elmar Məmmədyarov: "Azərbaycan Suriyada kimyəvi silahlardan istifadə edilməsini kəskin şəkildə pisləyir"
# 28 sentyabr 2013 21:51 (UTC +04:00)

Bakı-APA. “Biz İsrail ilə Fələstin arasında birbaşa danışıqların bərpa olunması ilə Yaxın Şərq sülh prosesində ruhlandırıcı inkişafı qeyd etmək istərdik. Bütün regionu bürümüş mövcud təhlükəli vəziyyət sülh prosesinin müvəffəqiyyətli olmasını əvvəlkilərdən də artıq dərəcədə zəruri edir. Tərəflərin iki dövlət əsasında həllə nail olmaları üçün atılan beynəlxalq səylərə münasibətdə məsuliyyətli yanaşma nümayiş etdirmələri və bu məqsədi təhlükə altına qoya biləcək əməllərdən çəkinmələri mütləq şəkildə vacibdir”. Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasının Ümumi Müzakirələrində çıxışında bəyan edib.

Elmar Məmmədyarov qeyd edib ki, Fələstindəki iqtisadi, maliyyə və humanitar vəziyyət, xüsusilə regiona humanitar yardımın çatdırılmasının təmin edilməsi kimi davamlı beynəlxalq diqqətin və yardım davam etdirilməsini tələb edir: “Bu ilin iyun ayında Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirlərinin Müqəddəs Qüds şəhərinə dəstək məqsədilə Qüds şəhərinin inkişaf etdirilməsi üçün Strateji Sektor Planının maliyyələşdirilməsi ilə bağlı Donor və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfranslarına ev sahibliyi edib. Konfransa qatılan İƏT üzv ölkələri və beynəlxalq təşkilatlar Fələstinin iqtisadiyyatı, səhiyyə və təhsil sistemi və infrastruktur layihələrinin təkmilləşdirilməsinə töhfə vermək üçün maliyyə öhdəlikləri ilə çıxışlar edib”.

Nazir qeyd edib ki, Azərbaycan Suriyanın kimyəvi silah ehtiyatının mühafizəsi və məhv edilməsi üzrə dünən BMT TŞ-da qəbul olunmuş 2118 (2013) saylı qətnaməni müsbət qarşılayır: “Ümid edirik ki, BMT TŞ-da nümayiş etdirilən bu yekdil və qəti mövqe Suriya münaqişənin aradan qaldırılması üçün siyasi həllin tapılmasına, Suriya xalqının üzərinə düşən əzab-əziyyətlərə son qoyulmasına və tərəflərin beynəlxalq hüquqa uyğun olaraq öz öhdəliklərini yerinə yetirməsinin təmin olunmasına töhfəsini verəcək”.

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan Suriyada kimyəvi silahlardan istifadə edilməsini və xüsusilə mülki insanların qətlə yetirilməsini kəskin şəkildə pisləyir. Onun sözlərinə görə, 2118 (2013) saylı qətnamə kimyəvi silahların istifadəsinin beynəlxalq hüququn ciddi pozuntusu olduğunu təsdiq edib və onu beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan əməl kimi qəbul edib.

Azərbaycan XİN rəhbəri qeyd edib ki, 30 iyun 2012-ci il tarixli Cenevrə kommunikesini təsdiq etməklə və Suriya üzrə beynəlxalq konfrans çağırmaqla, TŞ sülh yolu ilə keçid prosesi, sabitlik və barışığa nail olmaq üçün zəmin yaradıb: “Amma bütün tərəflərin silahlı zorakılığı dayandırması, siyasi proseslərdə konstruktiv şəkildə iştirak etməsi və Cenevrə kommunikesinin həyata keçirilməsinə öhdəlik daşıması mütləq şəkildə vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR