MSK yaddaş kitabçaları nəşr edib

MSK yaddaş kitabçaları nəşr edib
# 13 sentyabr 2013 09:22 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən “Müşahidəçilər üçün yaddaş”, “Polis əməkdaşlarının prezident seçkilərində iştirakına dair Yaddaş Kitabçası” və “Seçki günü üçün yaddaş” kitabçaları nəşr edilib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Müşahidəçilər üçün yaddaş” kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilib. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Komissiya tərəfindən nəşr olunan “Polis əməkdaşlarının prezident seçkilərində iştirakına dair Yaddaş Kitabçası”nın mətni isə Daxili İşlər Nazirliyi ilə birgə hazırlanıb. Kitabça prezident seçkilərində polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub. Nəşrdə polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində və səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumat verilib. Nəşr Konstitusiya, Seçki Məcəlləsi, “Polis haqqında” qanun və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

“Seçki günü üçün yaddaş” kitabçası isə prezident seçkiləri ilə bağlı məntəqə seçki komissiyalarının üzvləri üçün hazırlanıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə ünvanladığı müraciətin də yer aldığı kitabçada, məntəqə seçki komissiyalarının üzvlərinə vəzifələri xatırladılıb. Kitabçada məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə günü həyata keçirilməli olan seçki hərəkətləri barədə ətraflı məlumatlar əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR