Müdafiə Nazirliyində metodiki toplantı keçirilib

Müdafiə Nazirliyində metodiki toplantı keçirilib
# 02 iyul 2014 09:30 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Müdafiə Nazirliyində Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, qoşun qismləri, hərbi hissələrin, Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin komandir və rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin metodiki toplantısı keçirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda Şəxsi Heyət Baş İdarəsi, Tibb Baş İdarəsi, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi, Hüquq İdarəsi nümayəndələri və qonaq qismində dəvət olunan Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Simran Həsənov iştirak ediblər.

Tədbirdə Silahlı Qüvvələrdə son zamanlar baş verən bəzi nizamnamədən kənar hadisələr təhlil olunub, tərbiyə işinin təkmilləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı səviyyəsinin artırılması, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi nə dair bir sıra məsələlər, şəxsi heyətlə iş üzrə vəzifəli şəxslərə gələcək fəaliyyətlərinin daha da gücləndirilməsi istiqamətində tövsiyələrin hazırlanması üçün təkliflər müzakirə edilib.

Sonra tədbir iştirakçılarının müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşü olub.

Müdafiə naziri tərbiyəvi və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı təhlil aparıb, görülən tədbirlər, onun daha da yüksək səviyyədə təşkili və gücləndirilməsi istiqamətində tövsiyələrini verib.

Müdafiə naziri qabaqcıl təcrübədən istifadə, şəxsi nümunə, sosial ədalət və bərabərlik mühitinin yaradılması, kollektivlərdə münasibətlərin sağlam mühit şəraitində qurulması, hərbi hissələrdə xidmətin günün nizam qaydalarına uyğun təşkili üçün normal şəraitin yaradılması, sağlam rəqabətin, hərbi hissələrdə əsgər yoldaşlığı, hərbi xidməti münasibətlərin qarşılıqlı dostluq, hörmət və gənc əsgərlərə qayğı əsasında qurularaq davam etdirilməsinin formalaşdırılması və bir çox məsələlərlə bağlı fikirlərini görüş iştirakçılarına çatdırıb.

Bildirilib ki, qeyd olunan bu fəaliyyətlər yüksək səviyyədə təşkil edilib həyata keçirilməli, eyni zamanda komandirlərin və onların şəxsi heyətlə iş üzrə müavinlərinin daim diqqət mərkəzində olmalıdır.

Sonda müdafiə naziri general-polkovnik Zakir Həsənov görüş iştirakçılarına təlim-tərbiyə və mənəvi-psixoloji hazırlıq işinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR