Gürcüstan Türkiyə ilə sərhəddə dəmir yolu tunelinin inşasına başlayıb

Gürcüstan Türkiyə ilə sərhəddə dəmir yolu tunelinin inşasına başlayıb
# 30 avqust 2013 14:22 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı-Tbilisi-Qars dəmir yolunun inşası işləri 4 mərhələdə aparılır. I mərhələ olan Marabda-Tetriskaro sahəsinin uzunluğu 29,2 km-dir. Bu mərhələdə işlər başa çatdırılmaqdadır. II mərhələ olan Tetriskaro-Salka sahəsinin uzunluğu 49,7 km-dir. Bu sahənin 40 km-də yolun torpaq yatağında, 113 süni qurğunun 111-də işlər başa çatdırılıb, 33,5 km-də üst quruluşu elementləri (rels, şpal və s.) dəyişdirilib. «APA-Economics»in məlumatına görə, bu barədə YAP-ın rəsmi veb-saytına müsahibə verən «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov bildirib.

Onun sözlərinə görə, sahədə 64,7 km optik kabel qoyulub, rabitə, işarəvermə, mərkəzləşmə və bloklama qurğuları stansiyaya gətirilərək quraşdırılıb. Elektrik kontakt sahəsində və elektrik təchizatı xətlərində işlər davam edir. İki dartı yarımstansiyasına yeni avadanlıq və qurğular gətirilib, hazırda quraşdırma işləri aparılır. Vağzal, mülki və xidməti təyinatlı binalarda su və qaz təchizatı, istilik və çirkab sularının axıdılması xətlərində işlər davam edir.

«III mərhələ olan Salka-Axalkalaki 74,1 km-dir. Sahədə işlər bütün təsərrüfatlar üzrə aparılır. Axalkalaki stansiyasında vağzal binasının, süni qurğuların tikintisi və yolun torpaq yatağının hazırlanması işləri aparılır. IV mərhələ olan Axalkalaki-Türkiyə sərhədi (Kartsaxi) sahəsinin uzunluğu 28 km-dir. Sahədə torpaq yatağının hazırlanması, süni qurğuların tikintisi işləri, əsasən, başa çatdırılıb, 5,7 km-də üst quruluşu elementləri qoyulub, Kartsaxi stansiyasının vağzal binasının tikintisi başa çatdırılır», - deyə A.Əsgərov əlavə edib.

Qeyd edək ki, ümumi uzunluğu 4,4 km olan və Gürcüstanla Türkiyəni birləşdirəcək tunelin Türkiyə ərazisində olan hissəsinin tikintisi başa çatdırılıb. Gürcüstan ərazisində tunelin uzunluğu 2 070 metrdir. Bu günlərdə tunelin Gürcüstan hissəsinin tikintisinə start verilib.

Xatırladaq ki, Azərbaycan bu layihənin icrası üçün Gürcüstana güzəştli şərtlərlə 25 il müddətinə 775 mln. ABŞ dolları məbləğində kredit ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR