“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi MM-in komitəsində yenidən müzakirə olunacaq

“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi MM-in komitəsində yenidən müzakirə olunacaq
# 30 aprel 2014 15:54 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

Parlamentdən APA- ya verilən məlumata görə, komitə sədri Hadi Rəcəbli əvvəlcə “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsini təqdim edib. H. Rəcəbli sənədin bir neçə dəfə işçi qrupun, Səhiyyə Nazirliyi əməkdaşlarının, dövlət və hökumət nümayəndələrinin, ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının və mütəxəssislərin iştirakı ilə geniş müzakirəsinin keçirildiyini bildirib. O bildirib ki, həmin tədbirlərdə səsləndirilən bütün təkliflər işçi qrupu tərəfindən diqqətlə araşdırılıb, vacib detallar nəzərə alınıb.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova bildirib ki, qanun layihəsi getdikcə təkmilləşir. Sənədə bir neçə yeni maddələr əlavə edilib və işçi qrupu tərəfindən bu sahədəki dünya təcrübəsi dərindən öyrənilib. Komitə üzvləri Əhliman Əmiraslanov, Yaqub Mahmudov, Məlahət İbrahimqızı çıxışlarında bildirdilər ki, dövlətin ailə siyasətini özündə əks etdirən bu qanun layihəsi tam olaraq ailənin, ana və uşaq sağlamlığının qorunmasına, ölkədə hələ də təsadüf olunan ana ölümünün qarşısının alınmasına xidmət edəcək. Qanun layihəsi reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması üzrə xidmətlərin əldə olunması sahəsində hüquqi əsasları tənzimləyəcək. Qeyd olunub ki, burada qadınlar arasında son vaxtlar geniş yayılan döş vəzi xərçənginin profilaktikasına, ekstrakorporal mayalanmalar zamanı donor mənşəyinə nəzarətin artırılması ilə bağlı məqamlara xüsusi diqqət yetirilməlidir. Ətraflı müzakirələrdən sonra qanun layihəsi ümumilikdə bəyənilib, bəzi təkliflər nəzərə alınması üçün komitədə yenidən müzakirəyə çıxarılması irəli sürülüb.

Sonra komitə üzvləri “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi müzakirə ediblər. Sənəd barədə məlumat verən H.Rəcəbli vurğulayıb ki, dövlət uşaqların istirahəti və asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət ayırır. Sözügedən sənəd bu baxımdan böyük əhəmiyyət kəsb edir. Qeyd olunub ki, sənədin hazırlanmasına Heydər Əliyev Fondu böyük dəstək göstərib. Komitə üzvləri Musa Quliyev, Sevinc Hüseynova, Rauf Əliyev, İlham Məmmədov sənədlə bağlı təkliflərini bildiriblər. Qanun layihəsi bəzi məqamların nəzərə alınması üçün yenidən işçi qrupa qaytarılıb. Sonra komitədə Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanan “Heydər Əliyev Azərbaycanın sosial müdafiə strategiyasının banisidir” adlı kitabın konseptual dinləməsi keçirilib. Komitə üzvləri kitabla bağlı fikirlərini bildirdilər, əsərə müsbət rəy verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR