Azərbaycan avtomobil bazarında qiymətlər 1,6% artıb

 Azərbaycan avtomobil bazarında qiymətlər 1,6% artıb
# 09 dekabr 2013 13:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin noyabr ayı ərzində Azərbaycandakı avtomobil satış mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında artım qeydə alınıb.

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən «APA-Economics»ə verilən məlumata görə, bazarda təklifin azalmasına baxmayaraq, təklifin tələbi üstələmə tendensiyası hələ də davam edir. Ay ərzində tələbin nisbi artımı, buna müvafiq olaraq dinamikanın da müsbətə doğru dəyişməsi qeydə alınıb. Dinamikanın artımı orta qiymətə də təsir göstərib. Noyabrda bazarda orta qiymət əvvəlki ayla müqayisədə 1,6% artaraq 16 250 manat olub.

Dinamikanın artımı avtomobillərin ekspozisiya müddətinin dəyişməsinə təsir göstərməyib. Ay ərzində avtomobil bazarında avtomobillərin ekspozisiya müddəti əvvəlki ay qeydə alınmış göstərici ilə eyni (42,2 gün) olub. Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 14 minə yaxın avtomobilin cəmi 20,4%-i bazara məhz noyabrda təklif olunub. Digər 79,6%-i isə əvvəlki aylardan qalan avtomobillərdir.

Uzun illərdir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası «Mercedes-Benz»in ümumi təklifdə payı əvvəlki ayla müqayisədə 1,7% azalıb və 35% təşkil edib. Ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın əksəriyyəti üzrə təklifin azalması baş verib. Təklif üzrə ən çox azalma (3,7%) VAZ markalı avtomobillərdə qeydə alınıb. Araşdırmalar göstərir ki, əvvəlki aylarda olduğu kimi «Mercedes-Benz» ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur. 9 markanın ümumi təklifdə payı 86,7% təşkil edib. Qalan 13,3%-i isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən artıq avtomarka arasında bölünür.

Ekspertlər hesab edirlər ki, ili köhnə avtomobillərin hələ də bazarda yüksək paya sahib olmasına baxmayaraq, yaxın gələcəkdə bazarda üstünlük 2003-cü ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək. Monitorinq qrupunun araşdırmaları 1992-2013-cü illərə aid avtomobilləri əhatə edib.

Araşdırmanın digər bir seqmenti olan avtomobillərin ban tipinə gəldikdə isə, son ayların araşdırmaları bazarda «Ofrouder» və «Universal» tipli avtomobillərə maraq göstərənlərin sayının artdığını göstərir. Həmçinin, son aylar Rusiya istehsalı olan avtomobillərə maraq azalır. Araşdırmalar göstərir ki, Rusiya istehsallı avtomobillərin ümumi bazar payı 6%-ə enib ki, bu da ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə 3,4 faiz bəndi azdır. Buna baxmayaraq, Rusiya istehsalı olan avtomobillərin ilkin bazar qiymətində artım müşahidə olunub (+0,2%). Lakin bu artım davamlı xarakter daşımır və qarşıdakı aylarda Rusiya istehsalı olan avtomobillərin qiymətindəki artım azalma ilə əvəz oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR