Beynəlxalq Telekommunikasiya İttifaqı: Növbəti onillik “Genişzolaqlı rabitə onilliyi” olacaq

Beynəlxalq Telekommunikasiya İttifaqı: Növbəti onillik “Genişzolaqlı rabitə onilliyi” olacaq
# 28 sentyabr 2013 09:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin sonuna hərəkətli, genişzolaqlı rabitə birləşmələrinin miqdarı ənənəvi bərkidilmiş genişzolaqlı rabitə xətlərinin miqdarını üç dəfə üstələyəcək. Bu, sözügedən sahədə ölkələrdəki vəziyyəti təhlil edən BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyasının son nəşrlərində yer alıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, komissiyanın hədəflərindən biri inkişaf etməkdə olan ölkələrdə genişzolaqlı rabitə üzrə qiymətlərin orta aylıq gəlirlərin 5%-dən artıq olmamasıdır. Hazırda Azərbaycanda müvafiq rəqəm 2,5%-dır. İnternet istifadəçiləri üzrə göstərici isə 70% təşkil edir.

Qeyd edək ki, əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan “Azərbaycanda milli genişzolaqlı internetin inkişafı” layihəsi hazırlanıb. Layihə üzrə 2013-2015-ci və sonrakı illərdə “Hər evə optika” prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi həyata keçiriləcək.

Eyni zamanda 2015-ci ildən etibarən əhalinin Bakı şəhərində ən azı 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində ən azı 30 mb/s, qəsəbə və kənd yerlərində ən azı 10 mb/ sürətli genişzolaqlı internetlə təmin ediləcəyi nəzərdə tutulur.

Layihə Dövlət Neft Fondu tərəfindən maliyyələşdiriləcək və onun ümumi dəyəri təqribən 433 mln. manat təşkil edir. Dünyanın rəqəmli inkişafı üçün Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibinin BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyasına ünvanlandığı ismarışda da qeyd olunduğu kimi növbəti onillik “Genişzolaqlı rabitə onilliyi” olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR