Moskva məhkəməsi 3 "McDonalds" restoranının bağlanması haqqında qərar çıxarıb

Moskva məhkəməsi 3 "McDonalds" restoranının bağlanması haqqında qərar çıxarıb
# 27 avqust 2014 15:35 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın İstehlak Bazarına Nəzarət Xidmətinin ("Rospotrebnadzor") iddiası əsasında paytaxtın Ostankino və Tverskoy rayon məhkəmələrinin qərarı ilə "Prospekt Mir", "Manej" və "Puşkin" meydanlarında yerləşən "McDonalds" restoranlarının fəaliyyəti 90 günlük dayandırılıb.

Qeyd edək ki, Vladivostokdan Kalininqrada qədər Rusiyanın bütün regionlarında ABŞ-ın məşhur fast-food restoranlar şəbəkəsi olan "McDonalds"da "Rospotrebnadzor" tərəfindən ciddi yoxlamalar aparılır. Surqut, Vladimir, Ufa, İjevsk və digər şəhərlərdə yerləşən "McDonalds"larda aparılan yoxlamaların nəticələri paytaxt Moskvaya göndərilib. Yaxın vaxtlarda adı çəkilən regionlarda yerləşən "McDonalds" restoranlarının bağlanması gözlənilir.

"Rospotrebnadzor" bildirir ki, restoranlarda apardığı yoxlamalar zamanı sanitar normaların saysız pozuntuları aşkarlanıb. "McDonalds"ın vəkili Maksim Titarenko isə məhkəmələrin çıxardığı qərarların ədalətsiz olduğunu, 90 gün müddətinə restoranların fəaliyyətinin dayandırılmasının qanunsuz olduğunu bildiriblər: "Sanitar normaların pozuntusuna görə 90 gün müddətinə fəaliyyətin dayandırılması qanunsuzdur".

Qeyd edək ki, Qərbin Rusiyaya iqtisadi sanksiyalarından sonra Moskvada "McDonalds" restoranlar şəbəkəsinə qarşı kampaniya başlayıb. Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski "McDonalds"ın birdəfəlik bağlanması təklifi ilə çıxış edib. Bundan sonra "Rospotrebnadzor" "McDonalds"larda ciddi yoxlamalara başlayıb. Rəsmi Moskva "McDonalds"ların bağlanmasının Qərbin Rusiyaya iqtisadi sanksiyalarına cavab olub-olmaması ilə bağlı sualı hələ də cavabsız qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR