Azərbaycanın Almaniyadakı səfirliyində Bundestaqın Cənubi Qafqaz Dostluq Qrupunun üzvləri ilə görüş keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyində Bundestaqın Cənubi Qafqaz Dostluq Qrupunun üzvləri ilə görüş keçirilib
# 06 may 2015 19:06 (UTC +04:00)

Səfirlikdən APA-ya verilən məlumata görə, görüşün keçirilməsində əsas məqsəd cari ilin may ayının ikinci yarısında ölkəmizə səfər etməyi nəzərdə tutulan Cənubi Qafqaz Dostluq Qrupunun üzvləri ilə tanışlıq və onları səfər öncəsi ölkəmiz barədə məlumatlandırmaqdan ibarət olub.

İlkin olaraq qonaqları salamlayan Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov Almaniya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti, iki ölkə arasında həyata keçirilən siyasi-iqtisadi əməkdaşlıq və son zamanlar hər iki ölkə rəsmiləri tərəfindən həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlər barədə tədbir iştirakçılarına məlumat verib. Azərbaycan prezidenti İlham Əliyevin cari ilin əvvəlində Almaniyaya həyata keçirdiyi iki işgüzar səfərindən söhbət açan ölkə səfiri bu səfərlərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Daha sonra çıxış edən Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrents təmsil etdiyi qrupun may ayının 13-18-də ölkəmizə həyata keçirəcəyi səfərlə bağlı gözləntiləri, keçirmək istədikləri yüksək səviyyəli görüşlər barədə söhbət açıb, səfərin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə ümid etdiyini ifadə edib. O, ölkəmizlə əməkdaşlığın Almaniya üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və ölkəsinin iyun ayında paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarında böyük nümayəndə heyəti ilə iştirakından məmnunluğunu dilə gətirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri İnam Kərimov Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan ASAN xidmətin fəaliyyət göstərdiyi qısa müddət ərzində ölkə əhalisi arasında böyük rəğbət qazandığını, dövlət-vətəndaş münasibətlərinin inkişafına əhəmiyyətli töhfə verdiyini, habelə korrupsiya ilə mübarizə sahəsində mühüm uğurlara imza atdığını qeyd edib.

Tədbirdə həmçinin çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Mustafa Qurbanlı təmsil etdiyi təşkilat barədə tədbir iştirakçılarına məlumatlar vermiş, şuranın beynəlxalq əlaqələrindən, o cümlədən Almaniya QHT-ləri ilə əməkdaşlığından söhbət açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR