Bu suala cavab tapmaq üçün bir neçə əsas göstəriciyə, bu göstəricilərin dinamikasına və bəzi nisbi göstəricilərə diqqət yetirmək lazımdır. Belə olan təqdirdə bank sistemin nə dərəcədə iqtisadiyyatın ümumi vəziyyətinə cavab verdiyini və mövcud olan problemlərini araşdırmaq olar.
Bu məqsədlə ilk növbədə bank sisteminin aktivlərinin, kredit və depozit portfellərinin göstəricilərinə diqqət yetirək. Avqustun 1-ə olan son hesabata əsasən, bank sistemində ümumi aktivlərinin həcmi 29,067 mlrd. manata bərabər olub ki, bu da ilin əvvəlinə nisbətən 3,884 mlrd. manat və ya 15,4% çoxdur. Aktivlərin tərkibində əsas artımı kredit portfelinin payına düşüb. Bankların müştərilərə verdiyi kreditlərin həcmi ilin əvvəlindən 1,699 mlrd. manat artaraq avqustun 1-ə 18,874 mlrd. manata çatıb. Eyni zamanda bankların ümumi kredit portfeli 20,188 mlrd. manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 1,645 mlrd. manat və ya 8,9% çoxdur.
Kredit portfelin strukturunda sahələr üzrə bölgü isə ənənəvi şəkildə qalıb. Kreditlərdə əsas yeri yenə də istehlak kreditlər tutur və onların xüsusi çəkisi 38,5% təşkil edir. Lakin ilin əvvəli ilə müqayisədə xüsusi çəkidə 5,5% səviyyəsində azalma müşahidə olunur. Bu da onun nəticəsidir ki, ümumi kreditlərin artımı fonunda istehlak kreditlərin həcmi 7 ay ərzində, demək olar ki, dəyişməz qalıb. Eyni zamanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 5,3%-dən 6,4%-dək artıb. Buna baxmayaraq, vaxtı keçmiş kreditlərin göstəriciləri narahatedici səviyyədən çox uzaqdır, çünki indiki 6%-lik səviyyəyə dünya normalara əsasən çox kiçik göstəricidir. Nəhayət onu qeyd etmək lazımdır ki, müştərilərə verilən kreditlərin payının ümumi aktivlərdə xüsusi çəkisi hələ də yüksək səviyyədə qalmaqdadır. Bu göstərici 65% təşkil edir ki, bu da inkişafda olan ölkə üçün məqbul göstəricidir. Əlbəttə ki, bu göstəricinin aşağı enmə tendensiyası bank sistemi üçün daha müsbət olardı, çünki, bu amil bank əməliyyatlarında diversifikasiyanı göstərərdi, lakin hələlik bu, baş vermir. Beləliklə, bankların əsas aktiv əməliyyatlarının əsası olan kreditləşmədə bu il hər hansı ciddi dəyişiklik, xüsusən də neqativ tendensiyalar müşahidə olunmur.
Eyni halı depozitlər sahəsinə də şamil etmək olar. Bankların ümumi depozit portfeli ilin əvvəlindən 2,761 mlrd. manat və ya 17,9% artaraq 18,214 mlrd. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi avqustun 1-nə 7,605 mlrd. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 417 mln. manat və ya 5,8% çoxdur. Əlbəttə ki, bu artım göstəricisi əvvəlki illərlə müqayisədə çox aşağıdır, lakin fevralda həyata keçirilən manatın devalvasiyası fonunda artımın ümumiyyətlə mövcud olması böyük uğurdur. Çünki devalvasiya nəticəsində əmanətlərin azalması baş verə bilərdi, amma bir nəticə kimi yalnız manat əmanətlərdən valyuta əmanətlərinə axın baş verib. Nəticədə, manat əmanətlərinin həcmi 2,1 dəfə azalıb, valyuta əmanətlərinin həcmi isə 2 dəfə artıb. Aydındır ki, bu artımın müəyyən hissəsi texniki hesablamalarla bağlıdır. Belə ki, devalvasiya nəticəsində manat dollara qarşı 33%, avroya qarşı 35% ucuzlaşıb və nəticədə dollar və avroda olan əmanətlər bir anda manat ifadəsində müvafiq olaraq 33% və 35% artıb. Qalan artım isə fiziki artımın hesabına, ilk növbədə vəsaitlərin manat əmanətlərindən valyuta əmanətlərinə keçirilməsi hesabına baş verib. Müsbət göstərici odur ki, devalvasiyanın nəticəsi kimi valyuta bazarında yaranmış bütün sarsıntılar əhali arasında bank sisteminə etimadını pozmayıb və əmanətləri geri götürmə prosesi baş verməyib. Yalnız müəyyən yerdəyişmə baş verib. Nəticədə gər ilin əvvəlində manat və valyuta əmanətlərin payları təxminən 62% və 38% idisə, hazırda bu göstəricilər müvafiq olaraq 28% və 72% təşkil edir.
Bank sisteminin xarakterizə edən digər bir göstəriciyə də diqqət yetirmək vacibdir. Çünki burada ilk baxışdan ciddi dəyişikliklər baş verib. Lakin bu göstəricidə də manatın məzənnəsi öz rolunu oynayıb. Söhbət bankların xarici öhdəliklərindən gedir. Bu göstərici ilin əvvəlindən 1,575 mlrd. manat və ya 32% artaraq avqustun 1-ə 6,561 mlrd. manat təşkil edib. Aylıq dinamikaya diqqət yetirəndə görünür ki, əsas artım fevral ayında müşahidə olunur. Yanvarın sonunda bu rəqəm 4,9 mlrd. manat olubsa, fevralın sonuna 7,5 mlrd. manat təşkil edib. Aydındır ki, burada da artım əsasən texniki qiymətləndirmə nəticəsində baş verib, çünki fevralın sonunda xarici valyutada olan xarici öhdəliklər yeni məzənnə ilə hesablanıb. Ümumilikdə isə bank sistemində xarici öhdəliklər sahəsində vəziyyət məqbul kimi qiymətləndirilə bilər. Belə ki, xarici öhdəliklərin aktivlərə nisbəti 22,5 faizə bərabərdir ki, bu da əksər ölkələrlə müqayisədə kiçik göstəricidir. Qeyd edək ki, dünya maliyyə böhrandan sonra Azərbaycan Mərkəzi Bank bu sahəyə xüsusi diqqət yetirir, çünki böhran zamanı xarici öhdəlikləri iri həcmdə olan bank sistemlərinə (Rusiya, Ukrayna, Qazaxıstan) ciddi ziyan dəyib.
Ümumilikdə, Azərbaycanın bank sistemini təhlil edəndə iki əsas məqam diqqət çəkir. Hər iki məqam həm sistemi xarakterizə edir, həm də həll olunmayan bir problem kimi təqdim oluna bilər.
Birinci məqam. Ölkənin bank sistemini və onun iqtisadiyyatında rolunu qiymətləndirən əsas göstəricilərdən biri bank aktivlərinin illik ÜDM-ə nisbətidir. Azərbaycanda bu göstərici 49,2%-ə bərabərdir. Məsələn, 2013-cü ilin yekunlarına görə, bank aktivlərin ÜDM-ə nisbəti 34,7%-ə, 2012-ci ilin yekunlarına görə 30,6%-ə bərabər olub. Beləliklə, birmənalı olaraq artım müşahidə olunur və bu tam təbiidir, çünki son illər ərzində Azərbaycanda ÜDM-in artım tempi artıq əvvəlki kimi deyil, aktivlər isə hər il təxminən 15-20% artır. Lakin indiki göstərici dünya praktikası ilə qiymətləndirilsə, çox aşağı sayılır. İnkişaf etmiş ölkələrdə, hətta iri inkişaf etməkdə olan ölkələrdə bu göstərici 80-100 faizə bərabərdir, bəzi ölkələrdə isə bank aktivləri ÜDM-i 2-3 dəfə üstələyir. Bu, həmin ölkələrdə bank sisteminin iqtisadiyyatında böyük roluna malik olduğunu göstərir, iqtisadiyyatın bank sistemindən “qidalanmasından” xəbər verir. Azərbaycanda belə vəziyyət hələ də əlçatmazdır. Çünki Azərbaycanda bankların real sektorun maliyyələşməsində rolu son dərəcədə aşağıdır.
İkinci məqam. Bankların məcmu kredit portfelinin strukturunda kreditlərin cəmi 11%-i ilk növbədə real sektorlar hesab oluna bilən sənaye və istehsal sektorunun payına, 4,7%-i isə kənd təsərrüfatı və emal sektorunun payına düşür. Bu portfeldə istehlak kreditlərin payı 39%-ə yaxın, ticarət sektorunun payı isə 14%-dir. Bundan başqa Dövlət Statistika Komitəsinin hesabatına əsasən, real sektorda əsas kapitala qoyulan investisiyaların tərkibində bank kreditlərin payı 5%-dən də aşağıdır. Bütün bunlar bank sisteminin iqtisadiyyat üçün maliyyə mənbəyi vəzifəsini oynamadığını əks etdirir. Əlbəttə, makroiqtisadi baxımından istehlak kreditləşməsinin rolu böyükdür, çünki tələbatı maliyyələşdirir ki, bu da istehsalı və ticarəti dəstəkləyir. Lakin ildən ilə ölkənin bank sisteminin əsasən pərakəndə tələbatın maliyyələşdirilməsi rolunu oynaması nə dərəcədə düzdür? Və vəziyyət dəyişmir, banklar real sektora kredit verməkdən imtina edir və bunun üçün bir sıra əsaslı səbəbləri gətirir. Bu səbəblərdən ən əsasları böyük risklər, aşağı rentabellik və müvafiq olaraq, vəsaitlərin uzun müddətə qaytarılmasıdır. Nəticədə, bəzi sektorlarda (bütün amilləri nəzərə alanda) rentabellik səviyyəsi kreditin faiz dərəcəsindən aşağıdır. Bütün bunlar artıq bank sisteminin problemləri hesab oluna bilməz, əksinə bu iqtisadiyyatın fundamental problemidir, banklar isə yalnız cari vəziyyətə uyğun öz siyasətini aparır. Təəssüf ki, belə “cari” vəziyyət artıq “daimi” vəziyyətə çevrilib.
Vahab Rzayev, APA Analitik Mərkəzi