Faşizm üzərində qələbənin 70-ci ildönümü ilə bağlı Moskvada keçiriləcək tədbirdə 26 ölkənin lideri iştirak edəcək

Faşizm üzərində qələbənin 70-ci ildönümü ilə bağlı Moskvada keçiriləcək tədbirdə 26 ölkənin lideri iştirak edəcək
# 18 mart 2015 11:57 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Faşizm üzərində qələbənin 70-ci ildönümünü qeyd etmək üçün Rusiyaya 26 ölkənin lideri səfər edəcək".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Qızıl Meydanda keçiriləcək mərasimdə 80 min hərbçi və 2 mindən çox hərbi texnika iştirak edəcək.

Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreya nümayəndəsi Kim Yonq da daxil olmaqla, 26 dövlət başçısının göndərilən dəvət məktublarına müsbət cavab verdiyini açıqlayıb. O, BMT, Avropa Şurası, UNESCO və 68 ölkə liderinə dəvət göndərdiklərini açıqlayıb: "Onlardan 26-sı tədbirdə iştirak edəcəyini təsdiqləyib”.

Rusiya XİN başçısı Bosniya-Herseqovina, Makedoniya, Serbiya və Norveç liderlərinin fərqli formatda yubiley tədbirlərinə qatılacağını söyləyib. Almaniya kansleri Angela Merkelin yubiley tədbirlərinə qatılmamasının anlaşılan olduğunu deyən S. Lavrov 2010-cu ildə Qələbənin 65-cü ildönümü ilə bağlı keçirilən tədbirə 28 ölkə liderinin qatıldığını bildirib.

Rusiya mətbuatının yazdığına görə, Azərbaycan, Belarus, Tacikistan, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Çin, Vyetnam, Şimali Koreya, Niderland, Yunanıstan, Misir və İsrail liderləri faşizm üzərində qələbənin 70-ci ildönümünə həsr olunan tədbirlərə qatılacaqlar.

Rusiya müdafiə naziri Sergey Şoyqu Hitlerə qarşı koalisiyada yer alan 16 ölkədən olan hərbçilərin yubiley tədbirinə dəvət edildiyini bildirib. Hərbi paradda 78,5 min hərbçi, 1900 zirehli texnika, 238 təyyarə və helikopter iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR