Azərbaycanda yaradılacaq Xəzər Mərkəzi üçün qiyməti 100 milyon manat olan elmi-tədqiqat gəmisinin alınması təklif edilib

Azərbaycanda yaradılacaq Xəzər Mərkəzi üçün qiyməti 100 milyon manat olan elmi-tədqiqat gəmisinin alınması təklif edilib
# 17 sentyabr 2015 12:26 (UTC +04:00)

AMEA Coğrafiya İnstitutunun direktoru: “Xəzər dənizini elmi-tədqiqat gəmisi olmadan öyrənmək olmaz”

Bakı. Ramiz Mikayıloğlu - APA. “Hazırda Xəzərdə elmi-tədqiqatlar aparmaq üçün lazım olan gəminin qiyməti bu gün 100 milyon manatdır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H. Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib.

R. Məmmədov deyib ki, bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev Xəzər Mərkəzi yaradılması barədə sərəncam verib: “Biz də Xəzər Mərkəzinin Əsasnamə layihəsini hazırlayaraq təqdim etmişik. Hazırda bunun nəticəsini gözləyirik. Biz Xəzər Mərkəzinin beynəlxalq bir mərkəz olmasını istəyirik. Xəzər Mərkəzinin Əsasnaməsini yazarkən ilk növbədə elmi-tədqiqat gəmisinin vacibliyini qeyd etmişəm, çünki Xəzər dənizini elmi-tədqiqat gəmisi olmadan öyrənmək olmaz. Hələ Xəzər Mərkəzinin Əsasnaməsinin təsdiqlənməsi və həmin Əsasnamə əsasında yaradılması barədə sərəncam verilməyib”.

Xəzər Mərkəzinin ayrıca bir qurum kimi yaradılacağını açıqlayan R. Məmmədov Xəzər Mərkəzi yaradıldıqdan sonra Coğrafiya İnstitutunda çalışan xəzərşünasların həmin Mərkəzə keçəcəklərini nəzərə çatdırıb.

R. Məmmədov onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elm Fondu keçən il AMEA Coğrafiya İnstitutuna avadanlıq almaq üçün 850 min manat qrant verib və bu qrant əsasında Coğrafiya İnstitutunun ölçmə texnika bazası yenilənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR