Azərbaycanda fəaliyyət göstərən BOKT-ların məcmu aktivləri 25,5% artıb

Azərbaycanda fəaliyyət göstərən BOKT-ların məcmu aktivləri 25,5% artıb
# 04 noyabr 2014 09:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 614,6 mln. manat olub ki, bu da ötən ilin eyni dövründəkindən 25,5% və ya 125,01 mln. manat çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin III rübü ilə müqayisədə hesabat dövründə BOKT-ların məcmu nizamnamə kapitalı 11,3 mln. manat və ya 15,39% artaraq 83,44 mln. manata çatıb.

BOKT-ların filiallarının sayında da artım var. Belə ki, əgər 2013-cü ilin III rübündə BOKT-ların 140 filialı var idisə, bu ilin oktyabr ayının 1-nə filialların sayı 221-ə çatıb.

2013-cü ilin III rübü ilə müqayisədə bu ilin müvafiq dövründə Azərbaycanda Kredit İttifaqlarının nizamnamə kapitalı 11,5% artıb. Başqa sözlə, il ərzində ittifaqların nizamnamə kapitalı 2,38 mln. manat artaraq 23,11 mln. manata çatıb.

Bu ilin yanvar-sentyabr aylarında kredit ittifaqlarının aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 11,51% və ya 6,19 mln. manat çox olub. Beləliklə, hazırda kredit ittifaqlarının aktivləri 59,98 mln. manat təşkil edir.

Hesabatdan aydın olur ki, kredit ittifaqları filial yaratmaqda maraqlı deyil.

Beynəlxalq humanitar təşkilatları tərəfindən maliyyələşdirilmiş kredit təşkilatlarının nizamnamə kapitalına gəlincə, burda da göstəricilər qənaətbəxşdir. Belə ki, 2013-cü ilin III rübü ilə 2014-cü ilin III rübünü müqayisə edəndə məlum olur ki, kredit təşkilatlarının nizamnamə kapitalı 14,74 mln. manat, aktivləri 117,19 mln. manat, filiallarının sayı isə 81 ədəd artıb. Başqa sözlə, bu ilin oktyabr ayının 1-nə kredit təşkilatlarının nizamnamə kapitalı 47,61 mln. manat, aktivləri 524,87 mln. manat, filiallarının sayı isə 209-dur.

Hesabat dövründə digər bank olmayan kredit təşkilatlarının nizamnamə kapitalında azalma qeyd alınıb. 2013-cü ilin yanvar-sentyabr aylarında belə təşkilatların nizamnamə kapitalı 18,71 mln. manat olubsa, bu ilin eyni dövründə bu göstərici 12,72 mln. manat olub. Son 1 ildə digər bank olmayan kredit təşkilatlarının aktivləri 1,63 mln. manat artaraq 29,75 mln. manat təşkil edib. Bu müddət ərzində digər bank olmayan kredit təşkilatlarının filiallarının sayında dəyişiklik müşahidə edilməyib. Əvvəl olduğu kimi indi də digər bank olmayan kredit təşkilatlarının 12 filialı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR