Azərbaycanın valyuta bazarında ABŞ dolları ilə əməliyyatların həcmi 1,8 dəfə artıb

Azərbaycanın valyuta bazarında ABŞ dolları ilə əməliyyatların həcmi 1,8 dəfə artıb
# 12 noyabr 2015 09:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Xarici valyuta təklifinin azalması tələbin isə artması fonunda 2015-ci ilin 9 ayında Mərkəzi Bankın məzənnə siyasəti ölkənin beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi və makroiqtisadi sabitliyin qorunması məqsədləri çərçivəsində həyata keçirilib.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş Pul Siyasəti İcmalında qeyd olunub.

İcmalda bildirilib ki, 2014-cü ilin sonlarından başlayaraq dünya neft bazarında qiymətlərin kəskin düşməsi və ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya dalğaları daxili valyuta bazarında xarici valyutaya, xüsusilə ABŞ dollarına tələbin artması ilə müşayiət olunub: “2015-ci ilin 9 ayında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə artıb. Valyuta bazarında əməliyyatların 91%-i ABŞ dollarında, qalan 9%-i isə digər valyutalarda aparılıb. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə əməliyyatların həcmi 1,8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,1 dəfə artıb”.

Sənəddə qeyd olunub ki, bu ilin 9 ayında banklar tərəfindən əhaliyə ABŞ dolları ilə satılan xalis nağd xarici valyuta ötən ilin müvafiq dövrünə nəzərən 61,7% artıb. “Nağd xarici valyutaya tələbin artması əsasən I rübdə baş verib. Belə ki, 9 ayda xalis satılan ABŞ dollarının 63%-i, Avronun isə 38%-i I rübdə satılıb.

Mərkəzi Bankın valyuta bazarındakı əməliyyatları müdaxilə dəhlizi çərçivəsində (satış və alış məzənnələri arasında diapazon) həyata keçirilib. Mərkəzi Bankın valyuta əməliyyatları cari ilin 9 ayının 6-da satışyönlü, 3-də isə alışyönlü olub. Hesabat dövründə manatın əksər partnyor ölkələrin valyutalarına nəzərən nominal ikitərəfli məzənnəsi ucuzlaşıb. Belə ki, nəzərdən keçirilən 15 ölkə üzrə manat Qazax təngəsi, Ukrayna qrivnası və Belarus rublu istisna olmaqla bütün tərəfdaş ölkələrin valyutalarına nəzərən ucuzlaşıb.

“Manatın nominal ikitərəfli məzənnələrinin dinamikası real ikitərəfli məzənnələrin, bu isə öz növbəsində real effektiv məzənnənin dəyişiminə təsir edib. Hesabat dövründə real effektiv məzənnə (qeyri-neft ticarət çəkili) 15% ucuzlaşıb. Bu əsasən nominal effektiv məzənnənin 12,1% ucuzlaşması hesabına baş verib. Cari ilin 9 ayında manatın 2013-2014-cü illərdə baş vermiş real bahalaşması qismən neytrallaşdırılıb. Real effektiv məzənnənin ucuzlaşması qeyri-neft sektorunun rəqabət qabiliyyətinə müsbət təsir edən, idxalı əvəzləyən və ixrac sahələrinin inkişafını stimullaşdıran amildir”, - deyə icmalda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR