Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının statusu artırılacaq

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının statusu artırılacaq
# 05 may 2015 08:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan paytaxtında keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyası (PA) Hüquqi və Siyasi Məsələlər Komissiyasının 45-ci iclasında müzakirə olunacaq əsas məsələ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə Seçki məcəllələri, bu sahədə oxşarlıq və fərqliliklərin müzakirəsi ilə bağlıdır.

APA-nın xəbərinə görə, bu barədə Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri İhsan Şener məruzə ilə çıxış edəcək.

PA-nın baş katibi Asəf Hacıyev deyib ki, məsələ ilə bağlı təkliflər quruma göndəriləcək: “Daha sonra bu tövsiyələr Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv 12 ölkənin parlamentlərinə göndəriləcək”.

A. Hacıyev iclasda QDİƏT PA-nın statusu barədə məsələnin müzakirə olunacağını da bildirib: “Artıq 7-8 ildir ki, bu məsələ müzakirə olunur. Hazırkı sənədlərə əsasən, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bağlıdır. Artıq Parlament Assambleyasının statusu qaldırılmalıdır, dünyanın heç bir yerində Parlament Assambleyası digər bir təşkilatın qolu kimi fəaliyyət göstərmir. Ona görə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nazirlər və qanunvericilik, yəni Parlament Assambleyası səviyyəsində iki qolu olacaq. Ancaq bu təşkilatlar çox sıx əməkdaşlıq edəcək. Çünki Parlament Assambleyasının əsas məqsədi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında qəbul edilən böyük layihələr üçün qanunvericilik bazası yaratmaqdır. Güman edirəm ki, asan olmasa da, status məsələsi həllini tapacaq ”.

A. Hacıyev QDİƏT PA-nın statusunun qaldırılmasına dair quruma üzv 6 ölkənin nümayəndə heyətinin rəhbəri ilə görüş keçirdiyini bildirib: “Görüşlərdə bu təklifə böyük dəstək gəldi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR