Azərbaycan xarici işlər naziri niderlandlı həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri niderlandlı həmkarı ilə görüşüb
# 28 sentyabr 2015 10:05 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Niderland Krallığının xarici işlər naziri Bert Koenderslə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin qərəzli və qəbuledilməz olduğunu, anti-Azərbaycan və İslamofobiya meylli xarakter daşıdığını, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vurduğunu nəzərə çatdırıb.

Nazir güc tətbiq edərək dövlətlərin sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu qeyd edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü, danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi, işğal və təcavüzə əsaslanan “status-kvo”nu davam etdirmək siyasəti barəsində məlumat verib. O, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnamələrinə uyğun olaraq, Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

B. Koenders isə 2016-cı ilin birinci yarısından etibarən ölkəsinin Avropa İttifaqına sədrlik edəcəyini qeyd edərək, Niderlandın Azərbaycanla əlaqələrin, xüsusilə enerji sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Görüşdə miqrasiya, radikalizm və ksenofobiya meylləri kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. E. Məmmədyarov artan İslamofobiya və ksenofobiya meyllərinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb. O, Azərbaycanın zəngin və nümunəvi multikulturalizm ənənələri haqqında məlumat verərək, ölkəmizin təcrübəsində bu konsepsiyanın uğurlu model kimi özünü təsbit etdiyini diqqətə çatdırıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR