Azərbaycan və Küveyt arasında təyyarə uçuşları başlayacaq

Azərbaycan və Küveyt arasında təyyarə uçuşları başlayacaq
# 06 oktyabr 2015 13:30 (UTC +04:00)

Bakı - APA. Dövlət Miqrasiya Xidmətində Küveyt səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə görüş keçirilib.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Küveyt arasında dostluq münasibətlərinə toxunan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev miqrasiya qanunvericiliyində öz əksini tapmış müvafiq prosedurların - əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqinin sadələşdirilməsindən bəhs edib.

F. Nəbiyev hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin artmasını dövlətlər arasında əməkdaşlığın yüksək nümunəsi kimi qiymətləndirib.

Küveyt səfiri isə təmsil etdiyi ölkənin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləyib. Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi bir neçə ay əvvəl “Azərbaycan Respublikası və Küveyt Dövləti arasında hava əlaqəsi haqqında Saziş”in layihəsinin müvafiq qaydada razılaşdırıldığını qeyd edib və tezliklə ölkələr arasında müntəzəm uçuşların yerinə yetirilməsinə başlanacağına ümidvar olduğunu bildirib.

Diplomat Küveytdən çoxlu sayda turistin Azərbaycana gəldiyini, küveytli sahibkarların Azərbaycana sərmayə qoymaqda maraqlı olduğunu diqqətə çatdırıb və 4 il əvvəl “Azərbaycan Respublikası hökuməti və Küveyt Dövləti hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin imzalanmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Görüşdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, qlobal miqrasiya prosesləri və Avropada mövcud olan miqrant böhranı ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR