Eldəniz Quliyev məhkəmədə son söz deyib

Eldəniz Quliyev məhkəmədə son söz deyib
# 29 oktyabr 2014 14:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nəsimi Rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə Eldəniz Quliyevin vəkili Elçin Sadıqov müdafiə çıxışı edib. Vəkil bildirib ki, xüsusi ittiham qaydasında olan şikayətdə göstərilənlərin heç biri öz təsdiqini tapmayıb. O, məhkəmədən Eldəniz Quliyevə bəraət verilməsini xahiş edib.

Daha sonra E. Quliyev prosesdə son söz deyib. E. Quliyev bildirib ki, onun yazısında təhqir, böhtan tənqid olmadığı üçün məhkəmə həmin işi icraata qəbul etməməli idi: “”Facebook” səhifəmdə polis barədə fikrimi yazmışam. Nazir Ramil Usubovu təhqir, tənqid etməmişəm”.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra qərarın sabah saat 12-də elan olunacağı açıqlanıb.

Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Bundan sonra R.Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Ramil Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR