Avropa Oyunları çərçivəsində su və qida təhlükəsizliyinə Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət edəcək

Avropa Oyunları çərçivəsində su və qida təhlükəsizliyinə Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət edəcək
# 05 iyun 2015 13:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı 2015 Avropa Oyunları çərçivəsində su və qida təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət edəcək.

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bldirib ki, bu nəzarət Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə birgə həyata keçiriləcək. Onun sözlərinə görə, oyunlar çərçivəsində qidanın təhlükəsizliyi, oyunların keçiriləcəyi yerlərdə su təchizatı ilə bağlı vəziyyət yoxlanılıb: “Mərkəz tərəfindən 2 istiqamətdə işlər aparılıb. Bunlara qidanın təhlükəsizliyi və oyunçuların, xarici qonaqların qaldıqları yerlərin, məişət, idman və istirahət yerlərinin bütövlükdə su təchizatı ilə bağlı məsələlərə nəzarət daxildir. Bu məsələ yüksək səviyyədə həyata keçirilib və bütün oyunların keçiriləcəyi planlaşdırılan yerlərdə su təchizatı yoxlanılıb. Oyunların biri də Mingəçevirdə keçiriləcək. Həmin rayonda da olmuşuq, oyunların keçiriləcəyi və idmançıların qaldığı yerlərdə müayinələr təşkil edilib. Bu müayinələr bu gün də davam etdirilir və proses tam başa çatdırılmaqdadır”.

İ.Abdullayev əlavə edib ki, mərkəzin 14 nəfər akkreditasiyadan keçən əməkdaşı qida məhsulları, su olan sahələrə buraxılır və lazımi laborator müayinələr götürülür. Mərkəzin laboratoriyasında qida və su müayinələrinin aparılması üçün hazırlıqlar tam hazır vəziyyətdədir: “Bütün gün ərzində nə qədər qida və ya su məhsulu daxil olacaqsa, onların yerindəcə laborator müayinəsini aparmaq mümkün olacaq. Avropa Oyunları günlərində işçilərin hər biri əməliyyat komitəsinin işçiləri ilə birgə qrafik üzrə yerində olacaq. Əgər yerlərdə hansısa xoşagəlməz hal aşkar olunarsa, bu barədə dərhal Əməliyyat Komitəsinə məlumat veriləcək və bu halların aradan qaldırılması üçün tədbirlər görüləcək”.

Şöbə müdiri qeyd edib ki, mərkəz tərəfindən bütün ərazilərdə dezinfeksiya işləri yüksək səviyyədə aparılıb. Onun sözlərinə görə, hazırlıq çərçivəsində qarşıya qoyulan bütün məsələlər həyata keçirilib: “Əsas məqsəd ölkədə keçirilən bu oyunlar zamanı hansısa neqativ halın baş verməsinin qarşısını almaqdır. Burada işlər elə səviyyədə qurulmalıdır ki, neqativ hallar baş verməsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR