Azərbaycanlı yazıçı Rusiyada «İlin yazıçısı» mükafatının qaliblərindən olub - FOTO

Azərbaycanlı yazıçı Rusiyada «İlin yazıçısı» mükafatının qaliblərindən olub - <span style="color: red;">FOTO
# 31 mart 2015 11:10 (UTC +04:00)

Bakı – APA. Moskvada Rusiya Yazıçılar Birliyinin, litclub.ru, stixi.ru və proza.ru portallarının təsis etdiyi, YUNESKO-nun himayəsi altında hər il beynəlxalq poeziya günündə təqdim edilən nüfuzlu «İlin yazıçısı» mükafatı növbəti dəfə 5 nominasiyada öz sahiblərini tapıb.

APA-nın məlumatına görə, ilkin mərhələdə 200000-dən artıq yazıçının 2014-cü il ərzində dərc edilmiş nəsr nümunələri arasından müsabiqənin Təşkilat Komitəsi tərəfindən ən yaxşı əsərlər seçilib, sonrakı mərhələdə tərkibində Rusiya Yazıçılar Birliyi Moskva təşkilatının sədri, Rusiya Yazıçılar Birliyinin katibi Vladimir Boyarinov, 68-ci Venesiya kinofestivalında «Qızıl şir»ə layiq görülmüş «Faust» filminin ssenaristi Yuri Arabov, Beynəlxalq Yazıçı Qadınlar Liqasının Prezidenti, Rusiya Federasiyası Prezident Administrasiyası rəsmisi Larisa Vasilyeva, Moskva Dövlət Universitetinin, M.Qorki adına Ədəbiyyat İnstitutunun professoru, akademik İqor Volqin kimi tanınmış şəxslər olan Böyük jüri tərəfindən həmin nəsr nümunələri qiymətləndirilərək finalçılar müəyyənləşib.

Rusiya Dövlət Dumasının Mədəniyyət komitəsinin sədri Stanislav Qovoruxinin, YUNESKO-nun baş direktoru İrina Bokovanın təbrik nitqləri ilə açılan təntənəli mərasim Rusiya paytaxtının ən böyük dövlət zallarından birində – Moskva Hökumətinin konfrans zalında keçirilib.

Baş mükafat «Emalatxana» silsilə hekayələrinə görə rusiyalı yazıçı Aleksandr Sizuxinə təqdim edilib.

Fərqlənənlər sırasında azərbaycanlı yazıçı Varisin də adı var. «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin əməkdaşı olan Varis «Rəngsizliyin rəngləri» nəsr seçməsinə görə ««Romantika» nominasiyasının diplomantı» fəxri adına layiq görülüb.

«İlin yazıçısı» mükafatının təşkilat komitəsinin sədri Dmitri Kravçuk qazandığı uğura görə Varisi təbrik edib, çağdaş dövr ədəbiyyatının yaradılmasında xidmətlərinə görə ona minnətdarlığını bildirib.

Qeyd edək ki, Varis bir müddət öncə Rusiya Yazıçılar Birliyinin nəsr bölməsinin zəmanəti ilə bu quruma üzv seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR