Avropa Oyunlarının məşəli Balakənə gətirilib

Avropa Oyunlarının məşəli Balakənə gətirilib
# 23 may 2015 16:11 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. I Avropa Oyunlarının məşəli Mingəçevirdən sonra Balakənə gətirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Mingəşevir şəhərindən sonra bu gün Azərbaycanın şimal-qərb qapısı hesab olunan Balakən rayonuna gətirilib. Bu mərasimi izləmək üçün minlərlə sakin küçələrə düzülüb.

I Avropa Oyunlarının məşəl estafetini daşımaq üçün rayonun 10 fəal gənci seçilib. Məşəl estafetini ilk öncə Yunan roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibi Xoçbar Xalayev qəbul edib. Heydər Əliyev prospekt ilə hərəkət edən məşəl, Səttar Gözəlov küçəsini keçərək, ümumilikdə 2730 metr məsafəni qət edib, Heydər Əliyevin adına Mədəniyyət və İstirahət parkında xüsusi hazırlanmış səhnəyə gətirilib. Yunan roma güləşi üzrə gənclər arasında Avropa və Dünya üçüncüsü Hacımurad Çöpsiyev tərəfindən qəbul edilən məşəl çıragı yandırılaraq, Avropa oyunları qurtarana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlət başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Yarışın rəmzi Balakəndən sonra Zaqatala rayonuna yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR