Bakıda Birləşmiş Ərəb Əmirliklərinin 43-cü Milli Günü qeyd olunub

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin 43-cü Milli Günü qeyd olunub
# 02 dekabr 2014 19:08 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 43-cü Milli Günü qeyd olunub.

APA-nın məlumatına görə, BƏƏ-nin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib. Tədbir Azərbaycan və Birləşmiş Əmirliklərin dövlət himnləri ilə başlayıb.

Səfir Salem Xalifa Mohamed Əl-Ğafli çıxışında ölkəsinin inkişaf tarixi barədə məlumat verərək qeyd edib ki, BƏƏ dünya rəqabət hesabatında 12-ci yer tutmaqla qabaqcıl və nüfuzlu məqama yetişib. O, ölkəsinin bu ilin sentyabrında Kosmik Agentliyi yaratmasına toxunaraq, kosmosa süni peyklər çıxarmaq, habelə nüvə enerjisindən sülhməramlı məqsədlərlə istifadə edilməsi ilə bağlı BƏƏ-nin mütərəqqi dövlət strategiyası yürütdüyünü bildirib.

Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasındakı iqtisadi əlaqələrin son zamanlar genişlənməsinə diqqət çəkən səfir əlavə edib ki, ikitərəfli əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlər böyük rol oynayır.

Tədbirdə Azərbaycan hökumətini təmsil edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev BƏƏ xalqını prezident İlham Əliyev adından təbrik edib.

“Dövlətlərimiz arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olması ölkə rəhbərliklərinin bir-birinə etimadının nəticəsidir. Şübhəsiz ki, bizim dövlət başçılarımız arasında sıx dostluq münasibətləri var və bu dostluq özünü ölkələrarası əlaqələrdə də əks etdirir. Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin mövqeləri daim beynəlxalq məsələlərdə üst-üstə düşür, önəmli məqamlarda bir-birimizə dəstək göstəririk”, – deyə nazir bildirib.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının fəaliyyəti, hər iki ölkənin iş adamları arasında işgüzar münasibətlərin stimullaşdırılması, yeni tərəfdaşlıq əlaqələrinin qurulması istiqamətində həyata keçirilən tədbirlər, təşkil edilən sərgilərdə və forumlar nəticəsində ölkələrarası ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artması üçün geniş imkanlar açılıb: “Xüsusilə də, qeyri-neft sektorunda əlaqələrin inkişafını vurğulamaq lazımdır. BƏƏ iş adamları tərəfindən Azərbaycanın qeyri-neft sektoruna yarım milyard dollar dəyərində investsiya qoyulub. BƏƏ iqtisadiyyatında Azərbaycan investisiyasının həcmi isə 100 milyon dolları keçib. Lakin bu göstəricilərin yaxın gələcəkdə daha da artırılması üçün böyük perspektivlər var”.

Çıxışlardan sonra ziyafətlə davam edən qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatlar, müxtəlif KİV və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR