Bu ilin I yarısında kənd təsərrüfatı məhsullarının istehsalı 6% artıb

Bu ilin I yarısında kənd təsərrüfatı məhsullarının istehsalı 6% artıb
# 15 iyul 2014 12:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda iyun ayının 24-nə kimi 357,8 min hektar sahədə yazlıq bitkilərin əkini aparılıb.

APA-Economics”in məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin bu ilin birinci yarısına açıqladığı məlumatlarda qeyd edilib.

Məlumata görə, 28,0 min hektar sahədə dənli və dənli paxlalılar, 36,9 min hektar sahədə dən üçün qarğıdalı, 76,0 min hektar sahədə tərəvəz, 61,7 min hektar sahədə kartof, 22,9 min hektar sahədə pambıq, 28,0 min hektar sahədə bostan bitkiləri, 5,7 min hektar sahədə şəkər çuğunduru, 11,7 min hektarda dən üçün günəbaxan, 1 109 hektar sahədə tütün və s. əkilib.

Ötən illə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 5,2 min hektar, dənli və dənli paxlaların əkin sahəsi 5,3 min hektar, dən üçün qarğıdalının əkin sahəsi 1,7 min hektar, tərəvəzin əkin sahəsi 1,2 min hektar, kartofun əkin sahəsi 3,6 min hektar azalıb. Eyni zamanda dən üçün günəbaxanın əkin sahəsi 2,4 min hektar, şəkər çuğundurunun əkin sahəsi 240 ha artıb.

“Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlayıblar. İyul ayının 4-nə kimi qarğıdalı istisna olmaqla, 1778,6 min ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərdən məhsul toplanıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 273, 5 min ton çox məhsul yığılıb”, - deyə komitənin məlumatında bildirilib.

Yığım başlanandan tarlalardan 260,7 min ton kartof, 342,4 min ton tərəvəz, 90,8 min ton meyvə və giləmeyvə, 44,2 min ton bostan məhsulları, 58,6 ton tütün, 230,4 ton yaşıl çay yarpağı toplanıb. Keçən ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qaranın baş sayı 1,0% artıb, qoyun və keçilərin sayı 1,1% çoxalıb. Bu dövrdə 1,9% çox ət, 3,1% çox süd, 12,2% çox yumurta, 2,1% çox yun istehsal edilib.

Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 10,1%, heyvandarlıq məhsullarının istehsalı 3,0%, bütövlükdə kənd təsərrüfatı məhsullarının istehsalı 5,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR