Nazir Əli Abbasov: «Yaxın 10 ilə Azərbaycanda İT sektorunun gəlirləri ÜDM-in 10%-nə çatacaq»

Nazir Əli Abbasov: «Yaxın 10 ilə Azərbaycanda İT sektorunun gəlirləri ÜDM-in 10%-nə çatacaq»
# 29 mart 2013 13:39 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Rusiyanın «Rossiyskaya qazeta» nəşrinə müsahibəsində bildirib.

2013-cü il – «İKT ili» çərçivəsində yeni layihələrin həyata keçiriləcəyini bildirən Ə.Abbasov qeyd edib ki, artıq həyata keçirilməsi bu ilə planlaşdırılan vacib işlər sırasında ölkədə FTTH modeli üzrə optik infrastrukturun genişləndirilməsini nəzərdə tutan «Fiber to Home» («evə optika») layihəsi yer alıb: «Dövlət Neft Fondunun (ARDNF) maliyyə dəstəyi ilə həyata keçirilən layihə təxminən 500 mln. ABŞ dolları məbləğində qiymətləndirilir və ARDNF bu il artıq 132 mln. dollar ayırıb. Bu üçillik layihə yüksək gəlirli hesab edilir: ikinci ildən etibarən ümumi dəyərin 30-35%-i təkrar sərmayələrin qoyulması hesabına maliyyələşdiriləcək. Layihənin əsas məqsədi ucqar kənd yaşayış məntəqələri daxil olmaqla bütün ölkə ərazisini 10-100 Mbit/saniyə sürətində yüksəksürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85%-ə çatdırmaqdır ki, bu da Azərbaycanın 2017-ci ilə dünyanın inkişaf etmiş ölkələr sırasına daxil olmasına imkan verəcək».

Ə.Abbasov onu da qeyd edib ki, yaxın perspektivdə Azərbaycanın təşəbbüskarı olduğu daha bir beynəlxalq layihənin inkişafı gözlənilir: «Söhbət Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) çəkilməsindən gedir. BMT Baş Asambleyasının iki xüsusi qətnaməsi ilə dəstəklənən TASİM layihəsi Honkonqu Frankfurtla birləşdirərək geniş Avrasiya məkanını yüksəksürətli internetlə təmin edəcək optik lif magistralının çəkilməsini nəzərdə tutur. Azərbaycan belə beynəlxalq təşəbbüslərdə, məsələn, Rusiya, İran və Omanla tərəfdaşlıqda ötən ilin sonunda başa çatan Europe-Persia Express Gateway (EPEG) informasiya magistralının çəkilməsində təcrübəyə malikdir. Artıq bir neçə ildir gələcək konsorsiumun tərəfdaşları – Azərbaycan, Qazaxıstan, Çin, Rusiya və Türkiyənin nəhəng telekommunikasiya şirkətləri bu layihənin həyata keçirilməsinə hazırlıq görür və əlbəttə ki, layihənin yerinə yetirilməsi Azərbaycana Xəzəryanı regionun əsas informasiya mərkəzi olmağa imkan verəcək».

Ə.Abbasov həmçinin əlavə edib ki, bu yaxınlarda təsdiq olunan «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının əsas məqsədi yaxın 8-10 ildə ölkənin ümumi daxili məhsul həcminin ikiqat artırılmasıdır: «Buna qeyri-neft sektorunun, o cümlədən İKT sahəsinin inkişaf etdirilməsi sayəsində nail olmaq nəzərdə tutulur. Lakin bu məqsədə çatmaq tələb olunan müddətdə İKT bazarının həcminin 4-4,5 dəfə artırılmasını nəzərdə tutur. Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə İKT sektorunda gəlir 1,7 mlrd. dollar təşkil edirdisə, 2020-ci ilə bu göstərici 8 mlrd. dollara çatmalıdır. Bu məqsədlər üçün təkcə dövlət xətti ilə 3,6 mlrd. dollar məbləğində investisiyaların yatırılması planlaşdırılır, eyni həcmli qoyuluşları beynəlxalq investorlar daxil olmaqla özəl sektor təmin etməlidir. Beynəlxalq təşkilatlar ölkəmizdə İKT sahəsinin inkişaf perspektivlərinə çox nikbin yanaşırlar. Onların proqnozlarına əsasən, sahə islahatlarının davam etdirilməsi və xüsusilə potensial investorlar üçün imtiyazlı şəraitin yaradılması 2025-ci ilə İKT sahəsinin gəlirlər səviyyəsini ölkə ÜDM-nin 10%-inədək çatdırmağa imkan verəcək. Bu isə dünyanın inkişaf etmiş ölkələrində sahə üzrə nəzərdə tutulan gəlir səviyyəsi ilə uyğun gəlir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR