ABŞ-da Ermənistanın Azərbaycana qarşı təxribatları ilə bağlı kampaniya başlayıb

ABŞ-da Ermənistanın Azərbaycana qarşı təxribatları ilə bağlı kampaniya başlayıb
# 04 avqust 2014 16:31 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. ABŞ Azərbaycanlıları Şəbəkəsi Ermənistanın təcavüzkar siyasətinə qarşı kampaniyaya başlayıb. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həyata keçirdiyi kampaniyanın məqsədi ABŞ ictimaiyyətini baş verən hadisələr və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə daha obyektiv məlumatlandırmaqdır.

Təşkilatın kampaniyasında elan olunur ki, Ermənistan rəhbərliyi 1994-cü ildən atəşkəs haqqında müqavilə imzalamasına baxmayaraq, müharibə siyasətini davam etdirir. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin atəşkəs rejiminə riayət etməyin zəruriliyi barədə çağırışını xatırladan şəbəkə Ermənistanın bu cür çağırışlara heç bir əhəmiyyət vermədiyini vurğulayıb: “Ermənistan 1994-cü ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal altında saxlamaqda davam edir. BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqınların qaytarılmasını tələb edən dörd qətnamə (822, 853, 874, 884) qəbul edib. Ermənistan tərəfi isə bu qətnamələri yerinə yetirməkdən imtina edir”.

ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Ermənistanın təcavüzkarlıq və separatizm xarakteri daşıyan siyasətinə görə beynəlxalq ictimaiyyət tərəfindən ittiham olunmasının zəruriliyini bildirərək Ermənistan hökumətinin anneksiya siyasətini dayandırması üçün təcili tədbirlər görülməli olduğunu vurğulayıb. USAN ABŞ hökumətini Ermənistan hökumətinə təzyiq göstərməyə, onun hərbi işğalını pisləməyə və Ermənistana hərbi maliyyə yardımını kəsməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR