Məşhur Türkiyə yazıçısı: “Əkbər Babayevin Türkiyəyə gəlməsinə Ecevit də kömək edə bilmədi” - MÜSAHİBƏ

Məşhur Türkiyə yazıçısı: “Əkbər Babayevin Türkiyəyə  gəlməsinə Ecevit də kömək edə bilmədi” - <span style="color: red;">MÜSAHİBƏ
# 16 may 2015 08:52 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. 1960-cı illərin əvvəllərindən başlayaraq SSRİ-nin ədəbiyyat və mədəniyyət xadimləri ilə yaxın əlaqələri olmuş Türkiyənin tanınmış yazarı və sənətşünası Həyati Əsilyazıçının APA-ya müsahibəsi

- Nazım Hikməti ən yaxşı tədqiq etmiş və aralarında ata-oğul münasibəti olmuş türkoloq Əkbər Babayevi nə vaxt tanıdınız?

- 1967-ci ildə SSRİ Yazıçılar İttifaqının dəvəti ilə Əziz Nesin, Yaşar Kamal, Məlih Cevdət Anday və Nevzat Üstün Odessaya, oradan da Moskvaya getdilər. Məni isə xarici ölkələrlə mədəni əlaqələr cəmiyyətinin Mədəniyyət Evi dəvət etmişdi. O vaxt İstanbuldan Moskvaya təyyarə uçmurdu, relslərin arasındakı məsafə fərqli olduğuna görə, birbaşa qatar da yox idi. Mən qatarla Bolqarıstanın paytaxtı Sofiyaya gedib 1 həftə orada qaldım. Viza işlərimi həll edərkən Bolqarıstanın ədəbiyyat və sənət adamlarıyla görüşüb qeydlər götürdüm. Moskvaya yola düşməzdən əvvəl SSRİ-nin İstanbuldakı konsulluğunda işləyən Azərbaycan türkü dostum Hüseynov (Əsildar Hüseynovu nəzərdə tutur – APA.) mənə demişdi ki, bizdə kommunizim-zad yoxdur, sosializm qurmağa çalışırıq, o sahədə də çox böyük problemlərimiz var, Moskvada olarkən bunu nəzərə al. Qatarla Sofiyadan Moskvaya gedərkən yolda bir çox macəra yaşadım. Kiyev dəmiryol vağzalında 2 nəfəri başqa respublikaya yola salarkən qatardan endim, pasportumu götürməmişdim. Sən demə, qatar Kiyev stansiyasında cəmi 12 dəqiqə gözləyəcəkmiş. Qayıdanda qatarın getdiyini gördüm. Çox çalışsaq da qatarı yaxalayıb yenidən minə bilmədim. Təyyarəyə bilet aldım, amma pasportum olmadığına görə, təyyarəyə necə minəcəyimi düşünürdüm. Aeroportda işləyən çox gözəl bir ukraynalı qız mənim Moskvaya uçmağıma kömək etdi.

- Hara getsəydiniz, sizə gözəl qızlar kömək edirdi...

- İnan ki, o cür olurdu. Qatarda tanış olduğum rumıniyalı qızla bir-birimizə aşıq olduq, münasibətimiz 5-6 il davam etdi. Aeroportdan qatara teleqram vurdular ki, mənim pasportumu və əşyalarımı Moskvada dəmiryolu vağzalının növbətçi bölümünə versinlər. Moskva aeroportunda məni Əkbər Babayev qarşıladı, gedib pasportumu və əşyalarımı aldıq. Növbəti gündən başlayaraq, mənə tərcüməçi kimi təhkim edilmiş qızla tanınmış ədəbiyyat və sənət adamlarının görüşlərinə getdik. Səfərimin ikinci günündə Əkbər Babayev dedi ki, Vera Tulyakovanı görməyə getmək istəyirsənmi? (Nazim Hikmətin xanımını nəzərdə tutur – APA.) Getmək istəmədim, çünki Nazimin Veradan incidiyini və bu dünyadan qəlbi sınıq getdiyini eşitmişdim. Nazimin Novodeviçye qəbristanlığındakı məzarını ziyarətə getdim. Onun məzar daşı yanındakı o biri məşhur yazarlardan daha yüksəkdir. Demək ki, ruslar Nazimin yaradıcılığına çox yüksək dəyər veriblər.

- Əkbər Babayev Nazim barədə sizə nə danışırdı?

- Nazım Əkbəri öz oğlu kimi sevmiş, ona hamıdan çox etibar etmişdi. Nazim barədə ən yaxşı tədqiqatları Əkbər yazıb. Nazimin ruscaya tərcümə edilən bütün şeirlərini Əkbər redaktə edirdi. O vaxt Nazim Hikmətin Sofiyada çıxmış 8 cildliyini də çapa Əkbər hazırlamışdı. Daha sonra Türkiyədə o 8 cildlik əsasında Nazimin 8 cildliyi çıxdı. O vaxt Əziz Nesin Gürcüstana getdi, mən onlardan ayrı gəzirdim. Sankt-Peterburqa getdim. Orada Aram Xaçaturyanın “Qayane” baletinin ilk tamaşası vardı. Xaçaturyan mənə yaxınlaşıb dedi ki, Türkiyəyə getmək istəyirəm. Buradakı erməni icması onu qarşılayıb qonaq saxlayardı, ancaq Türkiyə ona viza vermədi.

- Söz Türkiyəyə gəlməkdən düşmüşkən, bəs Əkbər Babayev niyə heç vaxt Türkiyəyə gələ bilmədi? Hörmətini saxladığım bir ədəbiyyatçı Moskvada mənə demişdi ki, Əkbər Babayev KQB ilə əməkdaşlıq etmədiyinə görə KQB onun Türkiyəyə getməsinə mane olmuşdu.

- Yox, elə deyildi. Əkbər Babayevin Türkiyəyə gəlməsinə hələ 30-cu illərdə Moskvaya yerləşərək orada başqa adla yaşayan Türkiyə Kommunist Partiyasının funksionerlərindən İsmail Bilən əngəl olmuşdu. İsmail Bilən Nazim Hikməti sevmirdi, onun əleyhinə fəaliyyət göstərmişdi. Əkbər Babayev Nazim Hikmətlə ata-oğul münasibətində idi, İsmail Nazimi sevmədiyinə və Əkbərlə dostluğunu qəbul edə bilmədiyinə görə, Əkbərin Türkiyəyə gəlməsinə mane oldu. 1968-ci ildə Moskvada Rəsul Həmzətov mənə dedi ki, Türkiyəni çox sevirəm, oranı görmək istəyirəm, ancaq mənə viza vermirlər. Həmzətovun xanımı türkcə yaxşı bilirdi. Mən Türkiyəyə qayıdandan sonra o vaxt millət vəkili olan Bülənt Ecevitin yanına gedib Rəsul Həmzətovu Türkiyəyə dəvət etməsini xahiş etdim. Ecevit məni sözümü eşidərək Rəsul Həmzətovla xanımını Türkiyəyə dəvət etdi. Onlar gəlib təxminən 1 ay qaldılar. Daha sonra SSRİ-yə gedib-qayıtdım. Ecevitin yanına getdim ki, Əkbər Babayevi Türkiyəyə dəvət etsin. Ecevit dəvətnamə verdi, ancaq Əkbər Babayevin buraya gəlməsi üçün Türkiyə dövləti viza vermədi. Məsələnin KQB ilə əlaqəsi yoxdur. Bu günlərdə nəyi xatırlamışam, bilirsənmi? Düz 40 il əvvəl maestro Niyazi mənə demişdi ki, Stravinskinin əsərlərini hamıdan yaxşı İdil Biret ifa edə bilər. 3 ay əvvəl İdilin bir konsertində onun ifasında Stravinskini dinlədim. Aman Allahım, bu necə ifa idi? İdil Biret dünyada nadir istedadlardan biridir. Təsəvvür et ki, Şopenin əsərlərini başdan sona qədər CD-yə yazdırmış yeganə virtuoz İdil Biretdir. Polşa ona verdiyi ən yüksək Şopen mükafatını özünün heç bir sənətkarına verməyib. Maestro Niyazi onun bu istedadını 40 il qabaq necə görə bilib? Maestro Niyazi necə böyük sənətkar imiş... (Gözləri dolur – M. Ə.) Əmin ol ki, bu gün ata-anama dua oxuyub bitirən kimi, 3 dəfə maestro Niyazi və xanımı Həcər ablaya da dua oxumuşam. Sən gəldin, onları xatırlayıb daha da kövrəldim... Kremlin Qurultaylar Sarayında SSRİ-nin dövlət protokolunun ən yüksək səviyyəsindəki adamları vecinə də almayaraq “Həyati, canım mənim” - deməsini necə unuda bilərəm?..

Qeyd: Söhbətin sonunda Bakıya - Həyati Əsilyazıçının yaxın dostu, məşhur bəstəkar Arif Məlikova zəng etdik. Danışarkən hər ikisinin səsi titrədi, bir-birlərinə uzun ömür dilədilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR