Bakıda Türkdilli Dövlətlərin Turizm Nazirlərinin 2-ci görüşü keçiriləcək

Bakıda Türkdilli Dövlətlərin Turizm Nazirlərinin 2-ci görüşü keçiriləcək
# 16 may 2015 11:32 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 18-19 may tarixlərində Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində Turizm üzrə işçi qrupun 5-ci iclası, 20 may tarixində isə Təşkilata üzv ölkələrin Turizm Nazirlərinin 2-ci Görüşü keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, görüş Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin turizm siyasətini həyata keçirən dövlət qurumlarının rəhbər vəzifəli şəxslərinin və əməkdaşlarının, turizm sənayesi nümayəndələrinin və turizm assosiasiyalarının, TDƏŞ-in Baş Katibliyinin iştirakı ilə baş tutacaq.

Görüşdə Təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsi, üzv ölkələr arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi, Türk Dünyasının maddi və qeyri maddi irsinin turizm vasitəsilə təbliği, həyata keçiriləcək birgə layihələr və tədbirlər, dövlət və özəl sektor arasında birgə fəaliyyətin təşviqi məsələləri, həmçinin, son iki ildə aparılan birgə fəaliyyət nəticəsində əldə olunmuş nəticələr müzakirə olunacaq.

Bu dövr ərzində Təşkilat çərçivəsində üzv ölkələr arasında "Türk Şurası - Müasir İpək Yolu" beynəlxalq mədəni turizm marşrutu işlənib hazırlanıb, gələcəkdə həyata keçirilməsi məqsədilə "Dədə Qorqud - Korkut Ata" mədəni turizm layihəsi üzrə işlər görülüb, Türkiyə və Azərbaycanda keçirilən beynəlxalq turizm sərgilərində üzv ölkələrin turizm potensialını əks etdirən birgə foto stendlər, infoturlar, Türkiyə mütəxəssislərinin iştirakı ilə turizm sahəsində kadrlar üçün təlim kursları təşkil edilib.


2015-ci ilin avqust ayında keçiriləcək üzv olan ölkələrin Dövlət Başçılarının Zirvə Görüşü öncəsi hazırlıq xarakteri daşıyan iclasda son görülmüş işlərin nəticələri və həyata keçilməsi nəzərdə tutulan tədbir və layihələrini əhatə edən Yekun Protokol və üzv ölkələrin turizm sənayesi nümayəndələrini birləşdirən qurumlar (turizm assosiasiyaları) arasında Anlaşma Memorandumu imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR