Bakı Ali Neft Məktəbi və “Şlümberji” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb - FOTO

Bakı Ali Neft Məktəbi və “Şlümberji” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb - <span style="color: red;">FOTO
# 06 noyabr 2014 10:13 (UTC +04:00)

Bakı - APA-Economics. Bakı Ali Neft Məktəbi (BANM) və “Schlumberger Logelco Inc.” şirkəti arasında əməkdaşlıq haqqında razılaşmanın imzalanma mərasimi keçirilib.

Məktəbdən “APA-Economics”ə verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan rektor Elmar Qasımov Azərbaycanda prezident İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından bəhs edərək bildirib ki, Azərbaycan dünyada sənaye üsulu ilə neft çıxaran ilk ölkədir.

ARDNŞ-ın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən danışarkən E.Qasımov qeyd edib ki, BANM ARDNŞ-nin strukturunda fəaliyyət göstərən ali məktəbdir və bu ali məktəbin əsas məqsədi Azərbaycanda beynəlxalq standartlara cavab verən, ən müasir təlim və tədris texnologiyalarına yiyələnərək, ölkəmizin təhsil prosesini ən yüksək səviyyədə inkişaf etməklə, eyni zamanda transmilli şirkətə çevrilmiş ARDNŞ-ın ölkə kənarında geniş fəaliyyətini nəzərə alaraq sənayenin müasir tələblərinə cavab verən ingilis dilli yüksəkixtisaslı kadrların məhz öz ölkəmizdə yetişdirilməsidir.

Ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında söz açan E.Qasımov bildirib ki, qısa müddət ərzində əldə edilmiş uğurlar, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında ən müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyi, 2012-ci ildə tələbələrdən 11, 2013-cü ildə 15 nəfərin, 2014-cü ildə isə 17 nəfərin Prezident təqaüdünə layiq görüldüyü barədə məlumat verib. Daha sonra hazırda tikilməkdə olan BANM-nin ən müasir tələblərə cavab verən kampusun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirən rektor bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını qonaqların diqqətinə çatdırıb.

Üç il öncə yaradılmasına baxmayaraq, artıq Azərbaycanın ali məktəblərinin reytinq cədvəlində ən yüksək yerdə duran BANM-də olduğundan məmnunluq bildirən “Şlümberji” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Vilyam Qreys şirkətin dünyanın 85 ölkəsində fəaliyyət göstərdiyini, hazırda dünyanın neft və qaz yataqları üzrə xidmət göstərən ən irimiqyaslı şirkəti olduğunu bildirib, əsasən qazma və hasilat problemlərinin həllində iri şirkətlərlə əməkdaşlıq etdiyini diqqətə çatdırıb və şirkətin kadr siyasəti haqqında məlumat verib. İnsan resursları “Şlümberje” şirkəti üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Vilyam Qreys bu baxımdan ixtisaslı kadrlar onlar üçün qabaqcıl hədəf olduğunu bildirib və Azərbaycanın neft-qaz sektoru üçün beynəlxalq səviyyəli mühəndislərin hazırlanması prosesinin bir hissəsi olmağa hazır olduqlarını qeyd edib.

Tədbir çərçivəsində “Şlümberji” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Vilyam Qreys şirkətin 3 başlıca istiqaməti (Layın xarakteristikası, Qazma, İstehsal) əhatə edən fəaliyyəti haqqında təqdimatla çıxış edib.

Tədbirin sonunda Elmar Qasımov və Vilyam Qreys BANM ilə “Şlümberji” şirkəti əməkdaşlıq haqqında razılaşmanı imzalayıblar.

Razılaşmanın məqsədi BANM-də yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsidir. Həmçinin sənəddə BANM-in əlaçı tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi, fərqlə­nən­ tələbələrinə şirkətin mükafatlarının verilməsi, BANM-nin kampusunda ixtisaslaşdırılmış tədris laboratoriyasının yaradıl­ması, şirkətin mütəxəssislərinin BANM-də müəllim qismində fənlərin tədrisinə cəlb olunması, BANM-in istedadlı tələbələrinə təqaüdlərin verilməsi və məzunları üçün karyera imkanlarının yaradılması, 2-ci və 3-cü kurs tələbələri üçün yay təcrübəsinin, kursların təşkili, şirkət tərəfindən BANM-də yaradılmış və orta məktəblərdə fəaliyyət göstərən “Gənc mühəndislər klubunun və dərnəklər”in işinə maddi yardım göstərilməsi müddəaları öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR