Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti Rusiya “Bolşoy Teatr”ının səhnəsinə qayıdıb - FOTOSESSİYA

Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti Rusiya “Bolşoy Teatr”ının səhnəsinə qayıdıb - <span style="color: red;">FOTOSESSİYA
# 24 oktyabr 2014 10:20 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, oktyabrın 23-də dünya şöhrətli bu teatr Azərbaycan bəstəkarının ölməz əsərini yeni quruluşda tamaşaçılara təqdim edib. Baletin quruluşçu xoreoqrafı Yuri Qriqoroviç olub. Səhnələr mərhum teatr rəssamı Simon Virsaladzenin eskizləri əsasında qurulub. Yeni quruluşda Fərhad rolunu "Bolşoy Teatr"ın aparıcı solisti Denis Redkin, Şirin rolunu Rusiyanın əməkdar artisti Nina Kaptsova ifa edirblər.

Y. Qriqoroviç jurnalistlərə açıqlamasında “Məhəbbət əfsanəsi” baletinin görkəmli türk şairi Nazim Hikmətin pyesi əsasında ilk dəfə 1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariya Teatrı) səhnələşdirildiyini bildirib: "Yeni quruluşda tamaşa "Bolşoy Teatr"ın səhnəsində təmirdən sonra ilk dəfə tamaşaçılara təqdim edilir. Mən 33 il “Bolşoy Teatr”ın truppasına rəhbərlik etmişəm. “Məhəbbət əfsanəsi” teatrın repertuarında həmişə olub. Tamaşanın yeni quruluşunda gənc balet ustaları, o cümlədən Svetlana Zaxarova, Denis Redkin iştirak edirlər. Gənclərin tamaşaya marağı göstərir ki, "Əfsanə" yaşayır".

Baletin quruluşunda bəzi dəyişikliklər edildiyini bildirən Y. Qriqoroviç təkcə musiqiyə toxunmadığını söyləyib: “Çünki Arif Məlikovun musiqisi füsunkardır. Mən xoşbəxtəm ki, dostum Arif tamaşanın premyerasında iştirak etmək üçün Moskvaya gəlib, tamaşa doğma səhnəsinə qayıdıb və böyük uğurla nümayiş etdirilir”.

Arif Məlikov isə “Bolşoy Teatr”ın dünya mədəniyyətinin ən qabaqcıl nümunələrini özündə cəmləyən sənət ocağı olduğunu bəyan edib: “”Məhəbbət əfsanəsi”nin Rusiyanın əsas səhnəsinə qayıtması Azərbaycan mədəniyyətinin zəfəridir".

Y. Qriqoroviçlə dostluğundan danışan görkəmli bəstəkar yaradıcı insanların 50-60 il dostluq etməsini nadir hadisə adlandırıb: “Biz gəncliyimizi qoruyub saxlaya bilmişik və “Əfsanə” də elə buna görə yaşayır, çünki incəsənət və məhəbbət sərhəd tanımır”.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Məhəbbət əfsanəsi”nin yeni quruluşda “Bolşoy Teatr”da premyerasının Azərbaycan mədəniyyəti üçün çox önəmli hadisə olduğunu bildirib: "Baletin yeni quruluşunun hazırlanmasına teatrın kollektivinin aparıcı və istedadlı nümayəndələri cəlb olunublar. Teatrın təmirindən sonra bərpa olunan ilk tamaşalardan birinin “Məhəbbət əfsanəsi” olması Arif Məlikov sənətinin ölməzliyindən xəbər verir".

Qeyd edək ki, “Məhəbbət əfsanəsi” ilk dəfə 1961-ci ildə Sankt-Peterburqun Mariya Teatrında səhnələşdirilib, 4 ildən sonra isə artıq Bolşoy Teatrın səhnəsində nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR