Bakıda II İmagine Avro Tolerantlıq Festivalı ilə bağlı mətbuat konfransı keçirilib.
APA-nın xəbərinə görə, konfransda iştirak edən Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin səfiri Kestutis Yankauskas festivalın tolerantlıq, multikulturalizm kimi dəyərləri özündə birləşdirdiyini deyib.
Onun sözlərinə görə, gələn il də festivalın keçirilməsi bu ilki uğurdan asılı olacaq: "Bu işdə jurnalistlərin dəstəyinə ehtiyacımız var. Bu festival Avropa İttifaqı ilə sizin ölkəni birləşdirmək üçün bir vasitədir. Bildiyiniz kimi, bu il Aİ-ə üzv olmayan 10 ölkə də festivalda iştirak edəcək. Yaxın iki həftə ərzində festival çərçivəsində təşkil ediləcək bütün proqramlarla tanış olacaqsınız".
Festivalda iştirak edən Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakov isə bildirib ki, ötən dövr ərzində Latviya film sənayesini çox yaxşı inkişaf etdirib: "Latviya film sahəsində müxtəliflik və multikulturalizm təcrübəsini digər ölkələrlə bölüşmək istəyir. Biz Azərbaycan cəmiyyətini bu festivalda görmək istəyirik".
Konfransda çıxış edən Perunun Azərbaycandakı səfiri Luis Çanq Boldri də bu festivalda iştirakla bağlı ikinci dəfə dəvət aldıqları üçün qürur duyduqlarını deyib: " Avropa İttifaqına üzv olmasaq da, öz marağımızı göstəririk, eyni düşüncəni, eyni dəyərləri bölüşürük. Festival çərçivəsində Perunun bir filmi nümayiş olunacaq və bizim dəstəyimizlə iki musiqiçinin bura gəlməsi təşkil edilib. Muğam mərkəzində onların konserti olacaq. Biz özümüzü festivalın bir hissəsi hiss edirik və bu da tolerantlığın bariz nümunəsi olacaq".
Konfransın digər iştirakçıları da festivalın ölkənin həm iqtisadi, həm də incəsənət baxımdan inkişafına töhfə verəcəyini bildiriblər.