«Rabitəbank»ın rüblük mənfəəti kəskin artıb

«Rabitəbank»ın rüblük mənfəəti kəskin artıb
# 01 may 2013 09:23 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nın aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 194 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 24% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, birinci rübün yekununda «Rabitəbank»ın vergidən əvvəlki mənfəəti 324 min manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətdə 66% artıqdır.

Bankın müştərilər üzrə kredit portfeli 3 ayın yekununda 110 mln. manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 4% artım təşkil edib. Bankın müştərilər üzrə depozit portfeli aprelin 1-nə 128 mln. manat olub. İlin əvvəlinə nisbətdə depozit portfelində 39 %-dən çox artım müşahidə olub.

Bankın kapitalı ilin əvvəli ilə müqayisədə 23% artaraq aprelin 1-nə 44,4 mln. manata, nizamnamə kapitalı isə ilin əvvəlindən 10 mln. manat və ya 33,3% artaraq 40 mln. manata çatıb.

Bu müddətdə «Rabitəbank» ASC-nin Bakını və regionları əhatə edən 20 şöbə və filialı fəaliyyət göstərib.

Qeyd edək ki, bu ilin yanvarında «Rabitəbank»ın İdarə Heyətinin tərkibində dəyişikliklər baş verib, beynəlxalq təcrübəli bankir Nikoloz Şurqaia İdarə Heyətinin sədri təyin olunub. Bu il 20 illiyini qeyd edən «Rabitəbank» əhali və biznes nümayəndələri üçün bir sıra sərfəli kampaniyalar keçirməyi planlaşdırır. Artıq mart ayında Bank qadınlar üçün 8 Mart – Endirim kampaniyasını uğurla həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR