Balakənin daha üç kəndinə qaz verilib

Balakənin daha üç kəndinə qaz verilib
# 04 may 2013 10:12 (UTC +04:00)

Balakən. Vüqar Heydərov – APA. Balakənin üç kəndinə təbii qaz xətti çəkilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün rayonunun Qaysa, Şalban və Arılıqbinə kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

Yeni qaz xəttinin açılış mərasimində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, 735 abonenti olan Qaysa kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 65 km olan müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətti çəkilib, 735 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 85 abonenti olan Şalban kəndinin qazlaşdırılması zamanı isə 11,3 km uzunluğunda metal borulardan istifadə olunub və daşıyıcı məhəllədaxili qaz xətləri çəkilib.

Açılış mərasimində həmçinin bildirilib ki, hazırda Balakən rayonunda 15 minə yaxın abonent var. Rayonun Yeni Şərif və Şambul kəndlərinin qazlaşdırılması istiqamətində isə iş aparılır. Bunun nəticəsində ilin sonunda Balakəndə abonentlərin sayı 20 minə çatdırılacaq.

Dövlət Neft Şirkətinin prezidenti R.Abdullayev təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik edib, ölkənin bütün kənd və qəsəbələrinin qazlaşdırılması istiqamətində müvafiq proqramın uğurla icra olunduğunu, yaxın vaxtlarda xüsusi layihə əsasında «SOCAR Petrolium»un bölgələrdə də fəaliyyətə başlayacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR