Türk dərgisi iyul nömrəsini Azərbaycan yazarına həsr edib

Türk dərgisi iyul nömrəsini Azərbaycan yazarına həsr edib
# 29 iyun 2016 19:50 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. Türk dərgisi iyul nömrəsini Azərbaycan yazarına həsr edib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyənin Əskişəhər şəhərində çıxan “Koroğlu” ədəbiyyat dərgisi iyul nömrəsini müasir Azərbaycan nəsrinin tanınmış nümayəndəsi Eyvaz Zeynalova həsr edib.

Dərgidə Eyvaz Zeynalovun tərcümeyi-halı və 5 hekayəsi çap edilib. Qulu Ağsəsin Eyvaz Zeynalovun eyni adlı romanına həsr edilmiş “Bələdçi” ilə 240 səhifə” və İlqar Rəsulun “Eyvaz Zeynalov” adlı məqalələri və həmçinin, “Eyvaz Zeynalov Frankfurt beynəlxalq kitab yarmarkasında” adlı yazı “Koroğlu” dərgisinin iyul nömrəsində oxuculara təqdim edilib.

Türk dərgisinin onun yaradıcılığına xüsusi nömrə həsr etməsi münasibətilə APA-ya açıqlama verən yazıçı Eyvaz Zeynalov bundan çox məmnun qaldığını deyib. “Keçən ilin noyabrında İstanbuldakı TÜYAP beynəlxalq kitab yarmarkasında İstanbulda çıxan “Eski bisiklet” adlı kitabımın təqdimatı olmuşdu. Ondan əvvəl almanca çıxmış kitabım isə Almaniyanın Frankfurt şəhərindəki beynəlxalq kitab yarmarkasında nümayiş etdirilmişdi. Bunlar məni məmnun etsə də əsas istəyim Azərbaycanda və kitabımın çıxdığı ölkələrdə oxucularımın əsərlərimlə yaxından tanış olması, ədəbi tənqidçilərin əsərlərimi dərindən təhlil etməsidir. Məni oxusunlar, bəyənməyənlər istədikləri kimi tənqid etməkdə sərbəstdirlər”- deyə sözünə davam edən Eyvaz Zeynalov, yaxın gələcəkdə Türkiyədə və Almaniyada yeni kitablarının çıxacağını bildirib.

Qeyd edək ki,”Koroğlu” dərgisinin redaksiya heyətində Azərbaycanlı yazar Səlim Babullaoğlu da təmsil olunur. Dərgi bundan əvvəlki nömrəsini xalq şairi Sabir Rüstəmxanlının 70 illiyinə həsr edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR