ÜAK Böyük Vətən Müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş bayram tədbiri keçirib - FOTOSESSİYA

ÜAK Böyük Vətən Müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş bayram tədbiri keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 08 may 2015 00:25 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Nijni Novqorod regional bölməsi Böyük Vətən Müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş böyük bayram tədbiri təşkil edib. APA-nın Rusiya bürosunun məlumatına görə, dəmiryolçuların Mərkəzi Mədəniyyət Sarayında şəhərin və vilayətin veteranları, arxa cəbhə əməkçiləri, rəsmi şəxsləri, ictimai təşkilatların, milli birliklərin, Azərbaycan icmasının nümayəndələri görüşüblər.

ÜAK Nijni Novqorod regional bölməsinin fəalları qonaqlara “Biz birlikdə qələbə çaldıq! Azərbaycan 1941-1945-ci illərin Böyük Vətən müharibəsində” adlı məcmuələr, “Azərbaycan konqresi” qəzetinin və “İRS-Naslediye” beynəlxalq Azərbaycan jurnalının sonuncu buraxılışlarını paylayıblar.

Tədbirdə çıxış edən Nijni Novqorod şəhərinin rəhbəri Oleq Sorokin bildirib ki, Azərbaycan xalqı müharibənin lap ilk günündən digər millətlərin nümayəndələri ilə birlikdə çiyin-çiyinə döyüşüb: "Babalarımız birlikdə, bir cərgədə döyüşərək faşist taununu Vətənimizdən və Avropadan qovub, Berlinə birlikdə daxil olub və Qələbə bayrağını Brandenburq darvazası üzərinə sancıblar. Azərbaycanın müharibəyə getmiş hər iki sakinindən biri döyüş meydanında həlak olub".

Nijni Novqorodda Azərbaycan diasporunun sıx birliyini xüsusi vurğulayan Oleq Sorokin şəhər iqtisadiyyatının və mədəniyyətinin möhkəmlənməsində azərbaycanlıların köməyini yüksək qiymətləndirib: "Milli diasporlar öz qəhrəmanlarını unutmur, onları yad edir və bütün müharibə veteranlarına kömək edirlər".

ÜAK Nijni Novqorod regional bölməsinin icraçı direktoru Roman Ağayev çıxışında Böyük Vətən müharibəsində Azərbaycanın ümumi Qələbəyə böyük köməyindən danışıb. O, 400 min nəfərdən çox azərbaycanlının hərbi şücaətinə və qəhrəmanlıqlarına görə döyüş orden və medalları ilə təltif edilib, 123 nəfər Azərbaycan hərbçisinin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü söyləyib: "Azərbaycanda heç vaxt İkinci Dünya Müharibəsinin yekunlarına yenidən baxılmasına azacıq da olsa, cəhd göstərilməyib, çünki Azərbaycan xalqı böyük Qələbə naminə həlak olanların nurlu xatirəsini və qəhrəmanların hünərini əziz tutur".

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev isə çıxışında Böyük Vətən Müharibəsində Azərbaycanın Qələbənin əldə olunmasına verdiyi töhvədən danışıb: " Azərbaycanda 9 May-Qələbə günü dövlət səviyyəsində qeyd olunur. Dövlət rəhbərliyi veteranlara böyük diqqət göstərir".

İlqar Hacıyev tədbir iştirakçılarını Ümumrusiya Azərbaycan Konqresi və Rusiya Azərbaycanlı Gənclər Birliyinin birgə keçirdikləri "Biz Böyük Qələbənin varisləriyik" adlı aksiya barədə də məlumatlandırıb.

Tədbirdə azərbaycanlı jurnalist, Lider TV-nin Rusiya müxbiri Anar Həsənovun müəllifi olduğu “416-cı diviziya – Biz birlikdə qələbə çaldıq!” adlı sənədli filmi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR