Prezident İlham Əliyev: “Parlament seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirir” - YENİLƏNİB

 Prezident İlham Əliyev: “Parlament seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirir” - <span style="color: red;">YENİLƏNİB
# 04 noyabr 2015 21:31 (UTC +04:00)

Bakı-APA. Son parlament seçkiləri Azərbaycan xalqının iradəsini tam ifadə edib.

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışındakı çıxışında deyib.

“Yüzlərlə xarici müşahidəçi seçkilərə çox müsbət qiymət verib. MDB-nin, Avropa Şurası Parlament Assambleyasının müşahidəçi missiyaları seçkilərin demokratik, ədalətli, şəffaf keçirilməsi ilə bağlı öz rəsmi rəylərini açıqladılar. Digər beynəlxalq qurumların nümayəndələri də seçkiləri yüksək qiymətləndirdilər. Bu, dövlətimizin, xalqımızın növbəti böyük qələbəsidir və bir daha onu göstərir ki, Azərbaycanda demokratik inkişaf sürətlə gedir” deyə, prezident bildirib.

Prezident qeyd edib ki, Azərbaycanda gedən proseslər xalq tərəfindən müəyyən edilir: “Xalq da öz sözünü seçkilər vasitəsilə ifadə edir. Xalq-iqtidar birliyi, gözəl ictimai iqlim və demokratik proseslər ölkəmizi gücləndirir. Məhz buna görə Azərbaycanda sabitlik maksimum dərəcədə təmin edilir, ölkəmizin inkişafı ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Çünki bizim apardığımız siyasət xalqın maraqlarını tam ehtiva edir. Bizim siyasətimiz xalqın maraqları üzərində qurulubdur. Təhlükəsizlik, daxili sabitlik, iqtisadi inkişaf, sosial ədalət, demokratiya, azadlıqlar, müstəqil xarici siyasət - bizim əsas prinsiplərimiz bunlardan ibarətdir və hər istiqamət üzrə biz çox uğurlu mənzərənin uğurlu nəticələrini görürük”.

Prezident bildirib ki, Azərbaycan dünya miqyasında iqtisadi və sosial inkişafla bağlı seçilən ölkələrdəndir: “Heç bir böhran bizim iqtisadi inkişafımıza ciddi təsir edə bilməz. Amma müəyyən dərəcədə təsir edə bilər. Bütövlükdə builki iqtisadi-sosial göstəricilərimiz göz qabağındadır. İqtisadiyyat artır, sosial layihələr, infrastruktur layihələri icra edilir”.

Dövlət başçısı ölkənin beynəlxalq nüfuzunun da artdığını qeyd edib: “Biz müstəqil xarici siyasət aparırıq və bizim siyasətimizin təməlində, bir daha demək istəyirəm, Azərbaycan xalqının iradəsi dayanır. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Belə cəhdlər olub, var, düzdür azalır. Ancaq buna baxmayaraq, biz öz yolumuzla gedirik və nəticə də göz qabağındadır”.

“Bu gün dünyada gedən proseslər, qanlı toqquşmalar, müharibələr artıq dünya gündəmini zəbt edir. Yəni, bu, adi hala çevrilib. Ona görə Azərbaycanda sabitliyi, təhlükəsizliyi qorumaq, möhkəmləndirmək doğrudan da çox təqdirəlayiq bir haldır. Bu şəraitdə müstəqil siyasət yürütmək, iqtisadi-sosial inkişafa nail olmaq onu göstərir ki, düzgün siyasət aparılır, xalq da bunu görür, bəyənir və seçkilərdə öz sözünü deyir” deyə dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, gələcəkdə sosial və iqtisadi inkişafla bağlı heç bir ciddi problem görmür: “Bizim maliyyə vəziyyətimiz, manatın məzənnəsi sabitdir, kifayət qədər valyuta ehtiyatlarımız var, bütün sosial layihələr - infrastruktur layihələri, tikinti-quruculuq işləri icra edilir”.

Enerji sektorunda Azərbaycanın dünyadakı rolunun getdikcə artmaqda olduğunu qeyd edən ölkə başçısı Azərbaycanın “Cənub” qaz dəhlizi kimi nəhəng layihəni - Avropanın bir nömrəli enerji layihəsini icra etdiyini, liderlik göstərdiyini vurğulayıb: “Yəni, bütün bu işlər davam etdiriləcək. Bu işləri sürətləndirmək və daha da böyük nəticələr əldə etmək üçün cəmiyyətdə hələ ki, mövcud olan, bizi - iqtidarı və xalqı narahat edən problemlər aradan qaldırılmalıdır. Bunların içində korrupsiya, rüşvətxorluq birinci yerdədir. Çünki korrupsiya dövlətimizin dayaqlarını sarsıdır, inkişafı, azad rəqabəti əngəlləyir, müəyyən dərəcədə inamsızlıq yaradır. Bir daha demək istəyirəm, ilk növbədə, məhkəmə sistemində korrupsiyaya, rüşvətxorluğa yol verilməməlidir”.

****

04. 11. 2015/18:43

Bakı - APA. “Azərbaycan demokratiya yolu ilə gedir və ölkədə bütün azadlıqlar təmin olunub. Son parlament seçkiləri xalqımızın iradəsini əks etdirir”.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində ədliyyə və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Prezident İlham Əliyev bildirib ki, Milli Məclisə seçkilər şəffaf və ədalətli keçirilib: “Ölkədə inkişafı əngəlləyən amillər, o cümlədən korrupsiya halları aradan qaldırılmalıdır. Buna nail olmaq üçün isə güclü siyasi iradə və ictimai dəstək var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR