Elm və təhsildə İKT-nin tətbiqi imkanları müzakirə olunub - FOTO

Elm və təhsildə İKT-nin tətbiqi imkanları müzakirə olunub - <span style="color: red;">FOTO
# 05 iyul 2016 11:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyev və müdir müavini, həmin şöbənin qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsaət Valehov ilə görüş keçirilib. AMEA-DAN APA-ya verilən xəbərə görə, məqsəd institutun fəaliyyəti ilə yaxından tanışlıq və iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

İnstitutun direktoru, akademik Rasim Əliquliyev qonaqlara institutda yaradılmış maddi-texniki və innovativ şəraitlə bağlı ətraflı məlumat verib. Son dövrlər Azərbaycan Milli Elmlər Akademiyasında İKT sahəsində genişmiqyaslı islahatların aparıldığını söyləyən alim bununla əlaqədar İnformasiya Texnologiyaları İnstitutu qarşısında müəyyən vəzifələrin qoyulduğunu, AzScienceNet elm-kompüter şəbəkəsinin (EKŞ) AMEA-nın institut və təşkilatlarını zəruri olan müasir şəbəkə xidmətləri ilə təmin etdiyini vurğulayıb.

Qonaqlar, həmçinin AzScienceNet EKŞ-nin Verilənlərin Emalı Mərkəzi (Data Mərkəz), institutun Tədris-İnnovasiya Mərkəzi (TİM), Elektron Kitabxana Mərkəzi, institutun “İnfoTV” internet televiziyası, İnternet-kafe, o cümlədən Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən “İnformasiya texnologiyaları” nəşriyyatında təklif olunan xidmətlər və məhsullarla tanış olublar, onlara Yaponiya və Almaniya istehsalı olan genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqları, müxtəlif kitab, dərslik və jurnalların nəşri ilə bağlı görülən işlər barədə məlumat verilib.

Görüşdə, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutu və Təhsil Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin inkişafı, elm və təhsilin inteqrasiyası nəticəsində əldə olunan nailiyyətlərin, elmi innovasiyaların təhsil mühitinə transferi məsələləri ətrafında müzakirələr aparılıb. Bu sahədə əməkdaşlıq münasibətlərinin gücləndirilməsi və peşəkar kadr hazırlığının həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR