Bakıda tikiləcək yeni metro stansiyaları arasındakı xətlərə Fransa-Rusiya müştərək istehsalı olan vaqonlar buraxılacaq

Bakıda tikiləcək yeni metro stansiyaları arasındakı xətlərə Fransa-Rusiya müştərək istehsalı olan vaqonlar buraxılacaq
# 31 oktyabr 2014 13:05 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Bakı Metropoliteni”nin “28 May” stansiyası yanında “Qırmızı” və “Yaşıl” xətlərin ayrılma layihəsi üzrə işlərin görülməsi ilə bağlı Fransanın “Bouygues Travaux Publics” şirkəti ilə metronun “Bənövşəyi” xəttinin “Avtovağzal” stansiyası və “Memar Əcəmi” stansiyaları arasında qatarların dövrü rejimdə hərəkətinin təmin edilməsi üçün avadanlığın təchizatı və əlaqəli xidmətlərin göstərilməsi barəsində “Thales Communications & Security S.A.S ” şirkəti ilə, metropolitenin qatarları üzrə hərəkət tərkibinin yenilənməsi məqsədi ilə “Alstom Transport SA” şirkəti ilə müqavilələr imzalanıb.

APA-Economics” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

Onu sözlərinə görə, hazırda layihələrin icrası ilə bağlı işlər həyata keçirilməkdədir.

Z. Hüseynov bildirib ki, “Bakı Metropoliteni”nin Konseptual İnkişafı ilə bağlı Dövlət Proqramı əsasında inşa edilən yeni metro xətlərində tətbiq olunan “Qatarların hərəkətinin avtomatik tənzimlənməsinin (nəzarətinin) (QHATN)” mövcud rele-rels dövrəsi sistemindən tamamilə fərqli olan mikroprosessor (MPS), CBTS və SCADA sistemləri ilə təchiz olunması layihədə nəzərdə tutulur.

“Bu sistemlər təhlükəsizliyi təmin etməklə qatarların hərəkətini avtomatik təşkil edir, dispetçer mərkəzləşmə məntəqəsindən idarəetmə və monitorinq fəaliyyətini təmin edir. Bütün bu idarəetmə sistemlərinin layihəsi, avadanlıqlarının təchizatı, quraşdırılması və işə salınması işləri ikitərəfli müqaviləyə əsasən Fransanın “Thales Communications & Security S.A.S ” şirkəti tərəfindən həyata keçiriləcək”, - deyə Z. Hüseynov qeyd edib.

O, əlavə edib ki, yeni “Bənövşəyi” xətdə “Avtovağzal-Memar Əcəmi-2” stansiyaları arasında 5 vaqondan ibarət 3 qatarın məkik hərəkət qrafiki üzrə hərəkətin təşkili nəzərdə tutulur: ”Bunun üçün “Alstom” və Rusiyanın müştərək istehsal etdiyi 81-760-761A tipli vaqonların alınması nəzərdə tutulub. Yeni xətlərdə istismar olunacaq qatarlar ən yüksək və təhlükəsiz idarəetmə tələblərinə cavab verəcək. Yeni stansiyalarda təhlükəsizlik məsələləri optimal səviyyədə həll olunacaq, sərnişin rahatlığı mümkün qədər yüksək həddə çatdırılacaq. Bundan əlavə, stansiya və tunellərin ən müasir idarəetmə, işarəvermə, rabitə, elektrik və digər müvafiq sistem və avadanlıqlarla təchizatının həyata keçirilməsi nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR