İsrailin Baş naziri Benyamin Netanyahu milli birlik hökumətinin yaradılması çərçivəsində “Yaşar” partiyasının lideri Qadi Eyzenkotun ilk mərhələdə baş nazir olmasına razılıq verməyə hazır olduğunu açıqlayıb.
“The Jerusalem Post” nəşrinin məlumatına görə, Netanyahu bu barədə yaydığı bəyanatda bildirib.
Netanyahu ən böyük partiyanın rəhbəri kimi milli birlik hökumətinə onun başçılıq etməli olduğunu, lakin İsrailin üzləşdiyi təhlükələri nəzərə alaraq bu prinsipdən güzəştə getməyə hazır olduğunu qeyd edib.
O, rotasiya razılaşması çərçivəsində ilk mərhələdə Eyzenkotun baş nazir, özünün isə alternativ baş nazir vəzifəsini tutmasını təklif edib.
Netanyahu tərəfləri dərhal səmimi və intensiv danışıqlara başlamağa çağırıb, Eyzenkotdan da kompromisə və güzəştlərə hazır olmasını gözlədiyini bildirib.
Onun sözlərinə görə, milli birlik hökumətinin əsas məqsədi mövcud təhlükələri dəf etmək, İsrailin təhlükəsizliyini və gələcəyini qorumaq olacaq.
Qeyd edək ki, Eyzenkot bu yaxınlarda Demokratlar və Aviqdor Libermanın “İsrail bizim evimizdir” partiyası ilə koalisiya sazişləri imzalayıb. Bununla da onun rəhbərlik etdiyi siyasi blokun parlamentdəki mandatlarının sayı 36-ya çatıb.
“Likud” və “Yaşar” partiyaları arasında razılaşma əldə olunacağı təqdirdə koalisiyanın parlamentdə 63 mandata malik ola biləcəyi bildirilir. Naftali Bennet və Betsalel Smotriçin partiyalarının da koalisiyaya qoşulması halında isə bu göstərici 82-yə çata bilər.