Azərbaycanın bəzi rayonlarında 4-5 şagirdə bir müəllim düşür

Azərbaycanın bəzi rayonlarında 4-5 şagirdə bir müəllim düşür
# 05 iyul 2016 09:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda təhsil alan şagirdlərin sayı 1 325 634 nəfərdir. Təhsil alanların sayı ən çox olan rayon Bakının Sabunçu rayonu (50 641 şagird), ən az olanı isə Naftalan şəhəridir (1 076 şagird)”.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin 2015-ci il üzrə hesabatında bildirilir ki, şagirdlərin 6 002 nəfəri ibtidai, 68 011 nəfəri ümumi orta, 1 239 443 nəfəri tam orta, 3 225 nəfəri isə sinif və filiallarda təhsil alır. Xüsusi internat məktəblərində 6 127 nəfər, axşam (qiyabi) məktəblərində 2 826 nəfər şagird oxuyur.

Şəhər və rayonlar üzrə şagird-müəllim nisbəti bərabər paylanmayıb. Belə ki, hər 11-12 təhsil alana bir müəllim düşməsi yalnız 13 rayonda müşahidə olunur. 17 rayonda isə ortalama 9-10 şagirdə bir müəllim dərs deyir. Azərbaycanda ortalama 7-8 şagirdə bir müəllimin düşməsi 26 rayonda qeydə alınıb. Respublika üzrə 13 vəziyyət daha fərqlidir və burada ortalama 5-6 şagirdə bir müəllim düşür.

Azərbaycanın bütün şəhər və rayonlarının şagird-müəllim nisbəti hər 9 şagirdə bir müəllim düşdüyünü göstərir. Bu göstərici üzrə ən böyük rəqəm 11 şagirdə bir müəllim olmaqla, Bakı şəhərinin payına düşür. Rayonlar arasında ən yüksək göstərici Xəzər rayonunda olmaqla, 17 şagird üçün bir müəllim nisbəti müəyyənləşdirilib. Şahbuz rayonu isə ən aşağı göstəriciyə malikdir. Burada hər 4 şagirdə bir müəllim düşür. Belə ki, Şahbuz rayonunda təhsil alan 2007 şagirdə 491 müəllim dərs keçir.

Goranboy, Qax və Kəlbəcər rayonları məktəblərində də oxşar vəziyyətdir. Bu rayonlarda 5 şagirdə bir müəllim düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR