Azərbaycan parlament nümayəndə heyəti Ekvadora gedir

Azərbaycan parlament nümayəndə heyəti Ekvadora gedir
# 19 mart 2013 16:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti martın 20-də Parlamentlərarası İttifaqın 128-ci Assambleyasında iştirak etmək üçün Ekvadorun Kito şəhərinə yola düşəcək. Mili Məclisdən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə deputatlar Səməd Seyidov, Sahibə Qafarova, Fuad Muradov və Cavanşir Feyziyev daxildirlər.

Assambleyada “Kortəbii inkişafdan məqsədyönlü tərəqqiyə doğru: yeni yanaşmalar, yeni həll yolları” mövzusunda fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın perspektivləri, münasibətlərin daha da inkişaf etdirilməsi yolları müzakirə ediləcək, bir sıra ölkələrin parlament rəhbərliyi ilə görüşlər keçiriləcək.

İclaslarda Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər. Assambleya çərçivəsində təşkilatın Beynəlxalq sülh və təhlükəsizlik üzrə daimi komitəsində Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsi barədə çıxışı dinləniləcək, suallara cavab veriləcək.

Səfər martın 29-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR