Əvəz Zeynallının məhkəmə prosesi davam etdirilib

Əvəz Zeynallının məhkəmə prosesi davam etdirilib
# 03 may 2013 12:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası davam etdirilib. Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə müdafiə tərəfinin hakim tərkibinə etirazla bağlı verdiyi vəsatətə baxılıb və təmin olunmamasına qərar verilib. Daha sonra vəkillər prosesin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Prosesin baxış iclası isə mayın 13-nə təyin olunub.

Xatırladaq ki, Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.

O, sabiq deputat Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmə əsasən, ondan 4076 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR