Azərbaycanlı alim: “Şəhriyar birləşdirici simvol olaraq gücünü daha da artıracaq” - MÜSAHİBƏ

Azərbaycanlı alim: “Şəhriyar birləşdirici simvol olaraq gücünü daha da artıracaq” - <span style="color: red;">MÜSAHİBƏ
# 22 noyabr 2014 16:15 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyədə çap olunmuş “Muhammed Hüseyin Şehriyar” kitabının müəllifi Esmira Fuad Şükürovanın APA-ya müsahibəsi

- Apreldə İstanbulda Şəhriyara həsr olunmuş kitabınız çapdan çıxdı. Məhəmmədhüseyn Şəhriyarı dünyaya Məhəmməd Əmin Rəsulzadə tanıdıb, Türkiyədə və dünyada Şəhriyar barədə yazan alimlər Rəsulzadənin “Ədəbi bir hadisə” adlı məqaləsini istinad nöqtəsi kimi qəbul ediblər. Məqalə 1991-ci ildə Bakıda çıxan “Yol” qəzetində də çap edilib. Kitabınızda məqaləyə istinadlar var, amma, nədənsə, Rəsulzadənin adını görə bilmədik. Bunun səbəbi nədir?

- Sizə çox təşəkkür edirəm. Şəhriyarı və ona şöhrət tacını qazandıran şah əsəri - “Heydərbabaya salam” poemasını ilk dəfə türk dünyasına, oradan isə dünyaya tanıdan “İran türkləri” və “Böyük Azərbaycan şairi Nizami” əsərlərindən tədqiqatlarımda sevə-sevə örnək gətirdiyim, heyrətamiz ədəbi-bədii yaradıcılığından hər dəfə dərin mətləblər öyrəndiyim, nələrisə əxz etdiyim, Şərqdə ilk demokratik cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadə olub. Azərbaycan milli istiqlal mübarizəsi tarixində özəl yeri olan böyük ictimai xadim Məhəmməd Əmin Rəsulzadə bu möcüzəli əsəri və Şəhriyar haqqında yazdığı “Ədəbi bir hadisə” adlı məqaləsini Türkiyədə ilk dəfə 1955-ci ildə “Azərbaycan” jurnalında nəşr etdirib. Məhəmməd Əmin bəy əsərin Cənubi Azərbaycan, eləcə də türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyini, müxtəlif amillərin təsirindən uzaq, özəl bir həsrətin, şairin doğma ana dilinə və sevimli anasına, şeirə, sənətə, el-obaya dərin məhəbbətinin nəticəsi olaraq yazıldığını və “ədəbi bir hadisə” olduğunu vurğulayıb. Böyük ictimai xadim “Heydərbabaya salam” kimi dəyərli mənzumənin Azərbaycan türkünün qələmindən süzülməsinə və çap olunub dillərə düşməsinə ürəkdən sevinib və duyğularını türk qardaşları ilə bölüşmək, duyan, düşünən hər kəsə çatdırmaq üçün bu elmi məqaləni yazmaq zərurətini dərk edib. O, poemaya müqəddimə yazmış Mehdi Rövşənzəmirin və Əbdüləli Karəngin “Heydərbaba” üçün söylədikləri dəyəri ölçüyəgəlməz fikirləri bütöv Azərbaycanın, vahid Azərbaycan xalqının ünvanına deyilirmiş kimi qəbul edib və yüksək qiymətləndirib. Rəsulzadə “Ədəbi bir hadisə” adlı məqaləsində yazırdı: “İran şeirinin gerçək hökmdarı Şəhriyar” deyərkən, Azərbaycana böylə eşsiz bir şah əsər vücuda gətirməsini övən Rövşənzəmir, şairə neçin bu qədər məftun olduğunun səbəbini araşdırarkən, bir şairin məşuqəsinin dilindən yazmış olduğu sözləri xatırlayır. Bu məşuqə deyirmiş ki: “Məni gül üzüm, sehrləyici, xumar gözlərim üçün sevmə, çünki qorxuram, bir gün bunların sonu gələr, o zaman mənə qarşı duyduğun atəş, istək də bitər. Məni səbəbini bilmədən sev!..”

O, şairi, şeiri, sənəti və insan üçün müqəddəs olan nəsnələri bu səviyyədə əbədi sevməyin gərəkdiyini də vurğulayırdı bu örnəklə... Mən onun ictimai-siyasi, elmi, ədəbi-bədii yaradıcılığını həmişə yüksək dəyərləndirmişəm və son kitabımda da yeri gəldikcə istinadlar vermişəm. (Yaxın keçmişimizi, ideoloq və tarixi şəxsiyyətlərimizi inkar etmək, yaxud onları önəmsəməmək bütövlükdə milli istiqlal mübarizəmizin, tariximizin şərəfli səhifələrinin və bu səhifələri yazanların əhəmiyyətini kiçiltmək deməkdir...)

- Rəsulzadənin açdığı yol Türkiyədə necə davam etdirilib?

- Rəsulzadədən sonra Əhməd Atəşin şair və onun poeması haqqında yazdığı ətraflı müqəddimə ilə birlikdə “Heydərbabaya salam” əsərini nəşr etdirməsi qardaş Türkiyə ədəbiyyatşünaslığında Şəhriyar mövzusunu bir daha güdəmə gətirib və şair layiq olduğu mövqeyi qazanmağa başlayıb. Məhərrəm Erkin, Səadət Cağatay, Əhməd Qafaroğlu, Osman Fikri Sərtqaya, Əhməd Bican Ercilasun, Eldəniz Qurtulan, Yusif Gədikli, Orxan Aras, Həsən Almaz, İsa Özkan, Əhməd Polatlı və b. tədqiqat aparıb, Şəhriyar irsinin müəyyən məsələlərini, əsasən “Heydərbabaya salam” mənzuməsini tədqiqat obyektinə çeviriblər. Mənzuməyə qrammatik yöndən yanaşaraq əsərin dil və üslub məsələlərini fundamental araşdıran Məhərrəm Ergin dəyərli fikir və mülahizələrini “Azeri türkcesi” adlı kitabında sərgiləyib (İstanbul. 1981). Tədqiqatçı alim yazır ki, “bugünkü azəri türkcəsinin, Təbriz türkcəsinin bütün dühasını Şəhriyarın əsərində görürük”.

Osman Fikri Sərtqaya isə İran ədəbiyyatşünaslığının yolu ilə gedərək Türkiyədə Şəhriyara və “Heydərbabaya salam”a yazılmış təzim və nəzirələri toplayaraq nəşr etdirib və “Heydərbabaya salam” şeirinin Türkiyədəki əksləri” sərlövhəli üç məqalə yazıb. Lakin Türkiyədə Şəhriyarın bütövlükdə yaradıcılığını, xüsusilə də “Heydərbabaya salam” poemasını tədqiq edən və türkcə əsərlərini küll halında, “Şəhriyar və türkcə bütün şeirləri” adı ilə sanballı və gözəl tərtibatla ilk dəfə nəşr etdirən tanınmış şəhriyarşünas alim Yusuf Gədiklidir. Y. Gədiklinin “Şəhriyar və türkcə bütün şeirləri” kitabı həm də onun elmi araşdırmalarının nəticəsidir. Ustad Şəhriyarın əsərlərini orijinalda olduğu kimi Türkiyə oxucularına çatdıran Y. Gədikli kitabda həmçinin Şəhriyarın həyatı, sənət dünyası, elmi-nəzəri görüşləri, şeirlərində şəkil, dil və üslub, ahəng və musiqi, türklük və türkiyəçilik, Güney və Quzey, sosial və milli məsələlərə şairin münasibəti və s. məsələləri tədqiqata cəlb edib.

- Şəhriyar 1950-ci illərin ortalarında Türkiyədə tanınmağa başlananda Azərbaycanda vəziyyət necə idi, ustadı nə vaxtdan tanımağa başladıq?

- Quzey oxucuları da Şəhriyarı məhz “Heydərbabaya salam” poeması ilə tanıyıb. 1958-ci ildə filoloq alim Həmid Məmmədzadə “Ədəbiyyat və incəsənət” qəzetində məlumat xarakteli “Şəhriyar Təbrizi” adlı məqaləsində ilk dəfə Şəhriyarın həyatından, yaradıcılıından, eləcə də “Heydərbabaya salam” poemasının bir sıra məziyyətlərindən bəhs edib.

1963-cü ildə isə Qulamhüseyn Bəydilinin “Seyid Məhəmmədhüseyn Şəhriyar” adlı kitabçası nəşr olunub. Həmin kitabçasında Q. Bəydili şairin həyatı haqqında qısa məlumatla kifayətlənmiş, zəngin yaradıcılığının yalnız “bəzi xüsusiyyətlərindən” danışmışdır. Q. Bəydili 63 səhifəlik kitabçasında şairin demək olar ki, farsca yazdığı şeirlərindən (“Heydərbabaya salam” poeması istisna olmaqla) sitat və nümunələr gətirərək onların elmi şərhini verirdisə, Şəhriyarın yaradıcılığının əsas xüsusiyyətlərindən bəhs edən elmi-tədqiqat xarakterli ilk araşdırma Hökumə Billuriyə məxsusdur. O, 1984-cü ildə şairin həyatı, dövrü və ədəbi mühiti, lirikası, əsərlərinin bədii sənətkarlıq xüsusiyyətləri, novatorluq məsələləri, bədii-estetik görüşləri barədə özünün “Məhəmmədhüseyn Şəhriyar” monoqrafiyasında bəhs edib. Ondan sonra, 1985-ci ildə Nazim Rizvanov “Məhəmmədhüseyn Şəhriyar yaradıcılığında vətənpərvərlik” mövzusunda dissertasiya yazıb müdafiə etməsinə baxmayaraq, əsər hələ ki, çap olunmayıb.

Elman Quliyevin “Məhəmmədhüseyn Şəhriyar” (1999) və “Şəhriyar poeziyası və milli təkamül“ (Bakı-2004), Akademik İsa Həbibbəylinin “Məhəm-mədhüseyn Şəhriyar” kitabları da, adından göründüyü kimi, ustad şairin həyatına və türkdilli yaradıcılığına həsr olunub.

- 18 sentyabr 1988-də Şəhriyarın vəfat xəbəri Azərbaycanda dərin hüzn yaratmışdı. Çox yerdə mərasimlər keçirildi, hətta Hacı Mayılın Nardarandakı evində hər gün Şəhriyar üçün ehsan verdiyi danışılırdı. Ustadın vəfat xəbəri İstanbula çatanda professor Məhərrəm Ergin beynəlxalq türkologiya konqresini dayandıraraq onu xatirəsini 1 dəqiqəlik sükutla yad etdirmişdi. Onun əsərlərinin dərinləməsinə tədqiqi sizi nə dərəcədə qane edir?

- Əlbəttə, Şəhriyar “Heydərbabaya salam” poeması ilə yeni ədəbi məktəb yaradıb, bu səpkili yeni əsərlərin yazılması üçün modern ənənəyə, mötəbər qaynağa çevrilib. Təbriz ləhcəsində qələmə alınmış mənzumədə şairin yurduna, doğulduğu torpağa dərin sevgisi, vətənpərvərlik duyğuları, birlik və azadlığa çağırış ruhu, imperializmə, fövqəldövlətlərin dünya ağalığına, hegemonluq iddialarına qarşı etiraz duyğularının ifadəsi, bütün bunlar bir yana, əlçatmaz keçmişi şirin uşaqlıq çağları fonunda canlandırması yüzlərlə şairə və ədəbiyyat tədqiqatçısına təsir göstərib, onları yeni əsərlər yazmağa səfərbər edib. Keçən əsrin 60-cı illərindən başlayaraq Güneydə formalaşan Şəhriyar ədəbi məktəbinə Məhəmmədhüseyn Səhhaf Cənnətiməqam, Cabbarbəy Bağçaban, Hüseynqulu Coşğun, İnayətulla Əmirpur, Əli Təbrizi, Əli Azəri, Kərim Məşrutəçi Sönməz, Səhənd, Sair, A.Bariz, Coşğun, Mahmud Pədidi, Məhəmməd Valeh, Məhzun, Bağır Seyidi, Hacı Seyidağa, İbrahim İqbal, Firuz Gun, Beytulla Cəfəri kimi adını saymaqla bitməyən şairlər ordusu öz töhfələrini verib və ustada yazdıqları ithaf, təxmis və nəzirələrdə onun ana dilinə mövcud despot rejimin vurduğu qıfılı açdığına və qeyri-adi bir əsər ərsəyə gətirdiyinə görə alqışlayıblar.

Quzeydə isə “Heydərbaba”dan təsirlənərək xalq şairi Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Əli Tudə, Söhrab Tahir, Hökumə Bülluri, Məmməd Araz, Xəlil Rza, Mirvarid Dilbazi, Nazim Rizvan, Məmmədəli Müsəddiq, Tariyel Ümid, Qasım Türkan, Rasim Kərimli, Ələkbər Şahid, Seyidağa, Ənvər, Qasım Cahani, Qərib Aşkari, Şahin Fazil, Gülhüseyn Hüseynoğlu, Rəfiq Zəka, Teyyub Qurban, Xeyrulla Kərimoğlu, Kəmalə Ağayeva, Məşədi Əbülfəzl Haşimoğlu, Həkim Qəni, Xaliq Rəhimli, Nazim Qail, Oktay Zəngilanlı, BDU-nun tələbəsi Mehrab Tükənov, Zahid Əkbər və b. zaman-zaman böyük Şəhriyara ithaf, təxmis, nəzirə və xatirə şeirləri yazaraq şairə dərin sevgi və ehtiramlarını ifadə ediblər. Beləcə Şəhriyar ikiyə bölünmüş Azərbaycanın birlik, mənəvi bütövlük simvoluna çevrilib. Beynəlxalq Şəhriyar konfransları Təbrizdə, yaxud Tehranda başlayıb Bakıda davam edir, yaxud da ki əksinə... Bu il sentyabrın 17-18-də Təbriz şəhərində İİR Mədəniyyət və İslami İrşad Nazirliyinin təşkilatçılığı ilə möhtəşəm Milli şeir və ədəbiyyat günü çərçivəsində keçirilən Şəhriyar konfransına mən də dəvət edilmişdim. Bakıda da eyni gündə Beynəlxalq Şəhriyar konfransı keçirildiyindən və dəfələrlə belə tədbirlərdə iştirak etdiyimdən, təbii, mən AMEA-da deyil, arzularımın, xəyallarımın şəhərində, Təbrizdə düzənlə-nən tədbirə qatıldım...

Bilirsiniz, Şəhriyarın - xalqın, millətin milli siması, koloriti təkcə onun zahiri görünüşündə, libasında, hərəkət və davranışında, əməyində, əməksevərliyində ifadə olunmur, bu, eyni zamanda bir xalqın həyatı, mühiti, hadisələri və meylləri anlamaq, duymaq, dərk etmək tərzində, xüsusunda təzahür edir - gerçəyini dərindən anlaması alimlərə də ciddi təsir göstərdiyindən haqqında bir sıra elmi tədqiqat əsərlərinin, məqalə və tezislərin yaranmasına səbəb olub. Əlbəttə, xalq ruhunu, qan yaddaşını, milli-mənəvi koloriti, tarixi gerçəkliyi incəliklərinə qədər ədəbiyyata, poeziyaya ancaq ana dili gətirə bilər. Bu sahədə xalqın mənəvi ehtiyacını ödəməyə cəhd edən Şəhriyara hər kəs güney ədəbiyyatında türkcənin oyadıcısı kimi baxıb və qələm sahibləri sevinclərini, sevgilərini, ürək sözlərini poetik dillə bəyan edib, xidmətlərini dəyərləndiriblər.

Son vaxtlar bütün bədii irsi ilə məhz milli-bəşəri dəyərlərə sahiblik duyğusu aşılayan ustad şairin “Heydərbaba”sına nəzirə olaraq yazılmış "Ömrümün köçkün illəri" (M.Nərimanoğlu) və “Heydərbabayla üz-üzə” (Əjdər Yunis Rzа) poemalarını oxuduqdan sonra çox aydın bir qənaətə gəldim: Nə qədər ki, könüllərdən ayrılıq qubarı silinməyib, Qarabağ erməni qəsbkarlarının əlindədir və düşməndən qisasımız alınmayıb, Şəhriyara üz tutub şairlə dərdləşən söz ustadlarımız çox olacaq, bu dərdləşmələrlə ilgili araşdırmalar, şairin geniş yaradıcılığının tədqiqtdan kənar qalmış məqamların açıqlığa qovuşdurulması prosesi də davam edəcək… Bu qənaətim Türkiyə ədəbiyyatına da şamildir. “Muhammet Huseyin Şehriyar (Yaşamı, ortamı, bedii irsi)” monoqrafiyamın İstanbulda nəşri zamanı çevirmənlərin “Şəhriyar və Türkiyə“ bölümünü artırmaq gərəkdiyini söylədiklərində professor Muhammet Nur Doğanın “Ağrı dağına salam”, Esat Kabaklının “Göllübağa Salam“ poemalarını da oxudum və qənaətimə bir daha haqq verdim... Sayğıdəyər Mais bəy, inşallah növbəti işim “Şəhriyar: Sələflər və xələflər” olacaq...

- Şəhriyar Oğuz coğrafiyasındakı türk dilinin böyük şairi olmaqla birlikdə, eyni zamanda cənubla şimalı arasındakı vəhdətin son 60 ildəki simvoludur. “Heydərbabaya salam” 1978-ci ildə Təbrizdə çap ediləndə kitaba illüstrasiyaları rəssam Fəxrəddin Məmmədvəliyev çəkmişdi. Bunu “bəhanə edən” Əbülfəz Elçibəy “Azərbaycan” jurnalında 1981-ci ildə “Haqqın da bükülməz dizi, sınmaz qolu vardır” adlı məqalə yazmışdı. Sizcə, Şəhriyar bundan sonrakı mərhələdə “birləşdirici simvol” olma gücünü nə dərəcədə artıra biləcək?

- Əbülfəz Elçibəyin “Haqqın da bükülməz dizi, sınmaz qolu vardır” adlı məqaləsi, açığı, kitabxanalarda Şəhriyarla ilgili materiallar toplayarkən qarşıma çıxmayıb. Ancaq son dönəmlərdə əldə etmişəm. Düşünürəm ki, Şəhriyarla ilgili növbəti araşdırmalarımda Elçibəyin həmin məqaləsindən də geniş surətdə bəhs edəcəyəm. Bundan sonrakı mərhələdə isə Şəhriyarın “birləşdirici simvol” olma funksiyasının daha da artacağına əminəm. Fürsətdən istifadə edib elmi yaradıcılığımla bağlı son məlumatı APA-nın oxucuları ilə bölüşmək istəyirəm: “Şəhriyar” kitabımın Türkiyədə çıxmasından sonra İstanbul bələdiyyəsinin baş mədəniyyət idarəsi kitabın təqdimat mərasimini keçirmişdi. İstanbula bu gəlişimdə bələdiyyənin adını çəkdiyim idarəsi məndən böyük şairimiz Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığıyla bağlı kitab yazmağı istədi. Bu təklifi məmnuniyyətlə qəbul etdim.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR