Bu il Azərbaycanda 455 ağır və xüsusilə ağır cinayət törətmiş 142 cinayətkar qrup zərərsizləşdirilib

Bu il Azərbaycanda 455 ağır və xüsusilə ağır cinayət törətmiş 142 cinayətkar qrup zərərsizləşdirilib
# 10 iyul 2015 15:21 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bu il qəsdən sağlamlığa ağır zərər vurma üzrə cinayətlərin sayı azalıb.

APA-nın məlumatına görə, bu barədə bu gün Daxili İşlər Nazirliyində 2015-ci ilin birinci yarısında görülən işlərə həsr olunmuş kollegiya iclasında nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.

O qeyd edib ki, ötən dövrdə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 13 533 cinayət qeydə alınıb. Onların 87 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 15 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

Cinayətkarlığın dinamikasında son illər mövcud olan müsbət təmayül də qorunub saxlanılıb. Belə ki, həyata keçirilən məqsədyönlü profilaktik tədbirlərlə şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürməyə cəhdlər 12,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,7 faiz, xuliqanlıqlar 3,2 faiz azalıb.

Qeyd olunub ki, cinayətlərin açılmasına yönəlmiş əməliyyat-axtarış tədbirləri və prosessual fəaliyyət zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının və ədalətin bərpasında başlıca vəzifələr olaraq həyata keçirilib.

Ümumi cinayətlərin açılması 4,2 faiz yaxşılaşaraq 84,3 faiz təşkil edib. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması 1,9 faiz, qəsdən adam öldürmələrin açılması 11,2 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 14 faiz yaxşılaşıb. Banditizm, adam oğurluğu və insan alveri cinayətlərinin açılması tam təmin olunub.

Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində “isti izlərlə” 467, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 217, o cümlədən 53 ağır və xüsusilə ağır cinayət açılıb.

Qeyd olunub ki, xidməti fəaliyyətdə böyük önəm verilən məsələlərdən olan mütəşəkkil cinayətkarlığın qarşısının alınması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 455 ağır və xüsusilə ağır cinayət törətmiş 142 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 68 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR